Online radio

Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin 2013-cü ildəki fəaliyyəti barədə seçicilər qarşısında

Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin 2013-cü ildəki fəaliyyəti barədə seçicilər qarşısında

HESABATI

Məruzəçi:
Xaçmaz bələdiyyəsinin sədri-Rəşad Qasımov Şərafəddin oğlu

Hörmətli xaçmazlılar!
Xanımlar və cənablar!

GİRİŞ

Xaçmaz rayon Xaçmaz bələdiyyəsi 2013-cü ildə də Xaçmaz şəhərinin abadlıq işlərində aktiv rol almışdır. İnanırıq ki, bu xidmətlərimiz ildən ilə də artacaqdır. Azərbaycan dilinin izahlı lüğətində bələdiyyə şəhər idarəsi kimi təfsir edilmişdir. Şəhər idarəsi olaraq Xaçmaz bələdiyyəsi bu sahədə daha çox rol almalıdır. Əlbəttə də ki, idarəetmə vəsait tələb edir. 60 mindən çox əhalisi olan Xaçmaz şəhərinin inkişafı da bu vəsaitlərin təmin edilməsindən asılıdır.
Xaçmaz şəhərinin 2013-cü ildəki inkişafı göz qabağındadır. Bu isə hər kəsin, o cümlədən Xaçmaz şəhər idarəsi olaraq bələdiyyəmizin inkişafına da təkan vermişdir. Xaçmaz şəhəri artıq daha cazibədardır. Bir çox şəhərlərdən Xaçmaza köç edənlər var. Əfsanələr paytaxtı Xaçmaz şəhəri artıq daha çox yaşıldır. Bu şəhərdə artıq hər kəs üçün daha geniş yaşıl zolaq, yəni park sahəsi mövcuddur. Bu gün, hər bir Xaçmaz şəhər sakini, qürurla deyə bilər ki, biz artıq bu sahədə Avropa standartlarından daha yüksəkdəyik.
Xaçmaz şəhərində bütün bu inkişaflar davam edərkən, Xaçmaz şəhər bələdiyyəsi də hər bir sahədə öz üzərinə düşən vəzifələri layiqincə icra etmişdir. Bütün abadlıq işlərində rol almış, vəzifə almışdır. Bununla yanaşı Xaçmaz şəhər bələdiyyəsi müstəqil şəkildə də bir çox funksiyanı icra etmişdir.
Ümumiyyətlə bələdiyyələr bələdiyyə əhalisinin həyat fəaliyyətinin bilavasitə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müəyyənləşdirilən məsələləri həll edir.

İCRAAT

Xaçmaz şəhər bələdiyyəsi 2013-cü ildə şəhərimizin bütün abadlıq quruculuq işlərində iştirak etmişdir.
-Xaçmaz şəhər bələdiyyəsi, yerli sosial müdafiə və sosial inkişaf proqramlarında iştirak etmişdir.
-Xaçmaz şəhər bələdiyyəsi, yerli iqtisadi inkişaf proqramlarında da iştirak etmişdir.
-Xaçmaz şəhər bələdiyyəsi, yerli ekoloji proqramlarında da aktiv iştirak etmişdir.
Bütün bu iştiraklar Xaçmaz şəhər bələdiyyəsinin həm varlıq səbəbidir, həm də ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 5-ci və 6-cı maddələrinin tələbləridir.

A. Muzeylərimiz.
Muzeylər, hər bir millətin uzaq-yaxın tarixinin, maddi və mədəni yaddaşının sərgiləndiyi xəzinələrdir. Xaçmaz şəhərində 9 ədəd muzey mövcuddur.

1. Tarix-diyarşünaslıq muzeyi bunlardan biridir. Bu muzeyin sovet dövründən qalma köhnə binası sökülərək, daha möhtəşəm, milli memarlıq üslubunda Şəxsiyyətlər parkında yenidən tikilmişdir. Tarix-diyarşünaslıq muzeyi, öncəki binasından daha geniş sahədə və daha əzəmətli tikilmişdir. Xaçmaz şəhər bələdiyyəsi Tarix-diyarşünaslıq muzeyinin həm köhnə binasının sökülməsində və həm də yeni binasının tikintisində öz texnikası ilə və digər imkanları ilə iştirak etmişdir.

2. Əziz Əliyev muzeyinin yeni və gözəl binasının tikintisində də öz imkanlarını səfərbər edərək Xaçmaz şəhər bələdiyyəsi iştirak etmişdir.

3. Şəhidlər muzeyi zəmininin təmir-tikinti işlərində Xaçmaz şəhər bələdiyyəsi də iştirak etmişdir.

B. Parklarımız və sosial obyektlərimiz.
Xaçmaz şəhərinin park və istirahət sahələri günbəgün genişləndirilərək, xaçmazlıların və qonaqlarımızın dincəlməsi üçün daha yaxşı imkanlar yaradılır.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 4.2-ci maddəsinin tələbi olan, dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarına əlavə olaraq;

1. Xaçmaz şəhər Mədəniyyət sarayının önündəki meydançanın,

2. Xaçmaz şəhər Qocalar evinin və

3. Xaçmaz şəhəri Bayraq meydanının təmir-tikinti işlərində,

4. Bakı prospektindəki bəzi arkoların, divarların sökülməsi və təmir edilməsi işlərində,

5. Şəxsiyyətlər parkının zəminin təmir-tikinti işlərində,

6. Xaçmaz Regional Ədliyyə şöbəsinin və Xaçmaz rayon İcra şöbəsinin yerləşdiyi yeni inzibati binanın,

7. Heydər Əliyev prospektində yerləşən Uşaq baxçasının yeni inzibati binasının təmir-tikinti işlərində Xaçmaz şəhər idarəsi olan bələdiyyəmiz də iştirak etmişdir.

8. Xaçmaz şəhəri 5 saylı tam orta məktəbin inzibati binasını əsaslı təmir edərək və bir-neçə sinif otağında tam təmir işləri apararaq binanın saxlanılması çərçivəsində, Xaçmaz şəhər bələdiyyəsi müstəqil çalışmışdır.


C. Küçələrimiz.

Küçə mədəniyyət deməkdir. Küçəsi olmayan şəhər, şəhər deyildir. İnkişaf etmiş ölkələrin şəhərlərindəki küçə standartları elmi işlərin mövzusudur. Bu səbəblə küçələrin təmiri, yeni yolların salınması Xaçmaz şəhər bələdiyyəsi olaraq daima gündəmimizin ilk sıralarında durmuşdur. Lakin qeyd edilməlidir ki, yüksək standartlarla yol salınması, həmin standartlara uyğun maliyyə vəsaitinin təmin edilməsi ilə mümkündür. Gücümüz və imkanlarımız ölçüsündə yollarımızın təmiri, əsaslı təmiri ya da yeni yolların infrastrukturunun atılması sahəsində 2013-cü ildə də xeyli çalışmalarımız olmuşdur. Belə ki,

Küçələrimizin təmiri :

1. Xaçmaz şəhəri, Dağıstan küçəsində 100 metr məsafədə toplam 600 m² sahədə,

2. Xaçmaz şəhəri, Səməd Vurğun küçəsində 120 metr məsafədə toplam 720 m² sahədə,

3. Xaçmaz şəhəri, Rabitə küçəsində 150 metr məsafədə toplam 900 m² sahədə,

4. Xaçmaz şəhəri, Alı Mustafayev küçəsində 500 metr məsafədə toplam 3000 m² sahədə və

5. Ramil Sadıqov küçəsində həmçinin bir çox başqa küçələrdə olmaqla

i. cəmi 5220 m²-dən artıq bir ərazidə daş-çınqıl tökülərək küçələrimizdə təmir işləri Xaçmaz şəhər bələdiyyəsi tərəfindən müstəqil şəkildə aparılmışdır.

Küçələrimizin əsaslı təmiri :

6. Xaçmaz şəhəri, Şəfəq küçəsində 50 metr məsafədə toplam 300 m² sahədə,

7. Xaçmaz şəhəri, Vağzal küçəsində 120 metr məsafədə toplam 720 m² sahədə

8. Xaçmaz şəhəri, Günəşli küçəsində 500 metr məsafədə toplam 3000 m² sahədə olmaqla

i. cəmi 4020 m² ərazinin tamamına, Xaçmaz şəhər bələdiyyəsi tərəfindən müstəqil şəkildə çalışılaraq, daş-çınqıl tökülmüş, həmin daş-çınqılın küçədə yayılması təmin edilmiş və ərazi artıq tam şəkildə təmir edilməklə həmin küçələrin asvaltlanmasına hazır hala gətirilmişdir.

Yeni yolların salınması :
Yeni yaşayış massivlərimizdəki bir çox küçələrimizin, yollarımızın ibtidai infrasturkturu hələ də təmin edilməmişdir. Bu ərazilərdə məskunlaşmanın, yeni yaşayış binalarının azlığı orada perspektiv inkişafı gecikdirən başlıca səbəbdir. Lakin son dövrlərdə yeni yaşayış binalarının həmin ərazilərdə sürətlə tikilməyə başlanması artıq məsələyə yeni perspektivdən baxılmasını tələb edir. Bu səbəblə,

9. Xaçmaz şəhəri, yeni yaşayış massivi Qaraçı ərazisində 100 metr məsafədə toplam 600 m² sahədə,

10. Xaçmaz şəhəri, yeni yaşayış massivi olan 61-ci ərazidə 110 metr məsafədə toplam 660 m² sahədə və

11. Xaçmaz Elektrik Stansiyası, digər adıyla Modul Stansiyasının arxa hissəsində yerləşən ərazidə, yeni yaşayış massivində 800 metr məsafədə toplam 4800 m² sahədə

i. cəmi 6060 m²-lik ərazidə Xaçmaz şəhər bələdiyyəsi tərəfindən müstəqil şəkildə tamamilə yeni yol infrastrukturu salınaraq əhalinin gediş-gəlişində bu günkü şərtlərdə rahatlıq təmin edilmişdir.

Küçələrdə abadlıq işləri :

12. Xaçmaz şəhəri, Heydər Əliyev prospekti şəhərimizin ən böyük küçəsidir. Bu prospekt, vaxtilə Mikayıl Müşviq, 28 may və Heydər Əliyev adına olan küçələrinin birləşməsilə meydana çıxdı. Dövlətimizin bir çox inzibati binalarının, o cümlədən Xaçmaz şəhər bələdiyyəsinin yerləşdiyi bu prospekt hazırda çox əhəmiyyətli stratejik mövqeyə sahibdir. Xaçmaz şəhər bələdiyyəsi Heydər Əliyev prospektində apardığı abadlaşdırma işlərini 2013-cü ildə başa çatdırdı. Buradakı son abadlıq işləri Şəxsiyyətlər parkından Xaçmaz stadionuna qədər olan 500 metr məsafədə həyata keçirilmişdir. Bu prospektdə aparılan abadlıq işlərində məqsəd sadəcə divarların təmir edilərək daha estetik görütü əldə etməsi deyildir. Xaçmaz şəhərinin stratejik əhəmiyyətli bu prospekti, həm də bir çox yöndən vacib dəyərdədir. Başda ümummilli liderin adını daşıması, prospekt olması, Şəxsiyyətlər parkının bu prospektdə yerləşməsi və s. səbəblərdən dolayı xüsusi əhəmiyyəti vardır. Bu prospekin qeyd edilən hissəsində, rəmzi mənada gül rəsimlərinin yerləşdirilməsi çox dəyərli və özünəməxsus fikir olaraq əhəmiyyətli rol ifa etmişdir. Bununla bərabər Xaçmaz stadionunun divarlarında əcdadlarımıza və günümüz Türkdilli dövlətlərinə, o cümlədən Azərbaycan Respublikasına aid qədim və müasir dövlət liderlərinin və dövlətlərinin siyasi-coğrafi məlumatlarını əks etdirən tablet lövhələri də sərgilənmişdir. Geniş çərçivədən baxıldığı zaman bu məlumatlar əhali üçün çox əhəmiyyətli sosial-mədəni xidmətlər təmin edir və Heydər Əliyev prospektinin adı ilə ifa etdiyi məqsəddə bütövlük, mənada birlik təşkil edir.

Küçələrdə ekolojik tədbirlər
:

13. Ramil Sadıqov küçəsindəki arxın tutulması nəticəsində daşdığı, uzun müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədbir görülmədiyi və əhalinin sağlamlığına zərər verdiyi üçün Xaçmaz şəhər bələdiyyəsi tərəfindən müstəqil şəkildə və ekolojik tədbirlər çərçivəsində həmin arx 80 metr uzunluğunda təmizlənmiş və çirkab sularının normal məcrasında axması təmin edilmişdir.

14. Xaçmaz şəhərinin ekolojik mühitini pozan və əhalinin sağlamlığı üçün təhlükə yaradan digər bir amil də başıboş küçə itləridir. Bu problem dünyanın əksər şəhərlərində mövcuddur. Moskva şəhərində bu barədə bir sənədli film də çəkilmişdir. Filmdə Moskavanın kənar məhəlləsindən bir grup it sürüsü metro vasitəsilə şəhər mərkəzinə gəlir. Axşama gədər burada qidalanır. Axşam metro ilə kənar məhəllələrə axışırlar. Xaçmaz şəhər bələdiyyəsi olaraq hər il yüzlərlə başıboş itləri zərərsizləşdiririk. Lakin xüsusilə kəndlərdən itlərin axını durmadan davam edir. Bununla əlaqədar qanunvericikdə əlavə tədbirlərin müəyyən edilməsi öz aktuallığını qoruyur.

Bütün bu işlərin həyata keçməsində Xaçmaz şəhər bələdiyyəsinin Texniki İstehsalat şöbəsinin və Yerli Vergilər və Ödənişlər idarəsinin bir çox hallarda birlikdə çalışmasının böyük rolu olmuşdur.
Qeyd edilən işlər barədə, daha ayrıntılı məlumatlar və sənədlər, bəzən də fotoşəkillərinə, hətta video görüntülərinə qədər informasiyalar Xaçmaz şəhər bələdiyyəsinin müvafiq orqanlarından təmin edilə bilər. Bu barədə bələdiyyəmizin məlumat lövhəsində, vaxtaşırı olaraq əhaliyə məlumat verilir.
Təməlini Xaçmaz şəhər bələdiyyəsinin 24 aprel 2012-ci il tarixli iclasının 07 saylı qərarı ilə qoyduğumuz Mətbuat katibliyimizin və İctimai Əlaqələr təşkilatımızın bu görüntülü məlumatların təmin edilməsində üzərinə böyük vəzifələr düşür. Bu məqamda qeyd etməliyəm ki, artıq Xaçmaz şəhər bələdiyyəsinin veb səhifəsi gov.az domeni ilə bu yaxınlarda xidmət göstərməyə başlayacaqdır. Artıq gördüyümüz işlər barədə və ümumiyyətlə Xaçmaz şəhər bələdiyyəsi barədə ətraflı məlumat daha rahat şəkildə əhaliyə çatdırılacaqdır. Bununla da Mətbuat katibliyimiz və İctimai Əlaqələr təşkilatımız məşğul olacaqdır.

YERLİ VERGİLƏR və ÖDƏNİŞLƏR İDARƏSİ:
Ölkəmizdə xeyli əhəmiyyətli məsələ olan yerli vergilər və ödənişlər sahəsində vacib addımlarımızdan biri 2013-cü ildə Yerli Vergilər və Ödənişlər idarəsinin fəaliyyətə başlamasıdır.
2010-cu ildən, 2013-cü ilə qədər fəaliyyətini şöbə şəklində davam etdirən bu idarəmiz, davamlı olaraq iş təcrübəsini təkmilləşdirməsi nəticəsində artıq hər keçən gün daha da profesional səviyyədə çalışmaqdadır.
Vergi ödəyicilərinin uçotu sürətlə aparılmaqda, onlara ehtiyac duyulan izahatlar, arayışlar verilməkdir. Vergi və ödənişlərini ödəməyənlər barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri görülməkdədir.
Yerli Vergilər və Ödənişlər idarəsi tərəfindən, 2010-cu ildən bu yana, həmçinin 2013-ci ildə də dəfələrlə Regional TV-də yerli vergilər və ödənişlər barədə vergi ödəyicilərinə müraciətlər, açıqlamalar, izahatlar verilmiş, məlumat rolikləri efirdə yayımlanmışdir.
Xaçmaz şəhərində 26 noyabr 2013-cü il tarixində Regional TV nümayəndələrinin iştirakı təmin edilərək YVÖ idarəsi tərəfindən reklam ödənişləri barədə reydlər keçirilmiş və bu barədə məlumat xəbərlər proqramında efirə verilmişdir. Xüsusi qeyd edilməlidir ki, Yerli vergilər və ödənişlər idarəsi ilə Xaçmaz rayon Polis şöbəsi arasında, bu reydlərdə və hüququn pozulduğu hər yerdə mükəmmələ yaxın koordinasiya təşkil edilmişdir. Buna görə Xaçmaz rayon polis şöbəsinin rəisi polis polkovniki cənab Şəhriyar müəllimə xüsusi təşəkkürümü bildirirəm.
Bu arada bələdiyyələrin hüquq təhsilinin inkişafında Regional Ədliyyə şöbələrinin xüsusi rolunun olduğunu qeyd etməliyəm. Həqiqətən də Regional Ədliyyə şöbələri hüquq sahəsində dövlətimizin bələdiyyələrə təqdim etdiyi böyük nemətdir. Biz bu dövlət orqanından maksimum səviyyədə istifadə etməliyik. Bu eyni zamanda bələdiyyə qanunvericiliyinin inkişafına və tətbiqinə böyük təkan verəcəkdir. Buna görə də mən bələdiyyəmizin orqanlarına xüsusi təlimat vermişəm ki, bu il baş ədliyyə müşaviri, hörmətli Rasim müəllimin rəhbərliyində Xaçmaz Regional ədliyyə şöbəsi ilə Xaçmaz şəhər bələdiyyəsi daha yaxın münasibətlər inkişaf etdirsin və Xaçmaz şəhər bələdiyyəsi orqanlarının maarifləndirilməsi və hüquq təhsilinin yüksəldilməsi işləri sürətləndirilsin.
Unutulmamalıdır ki, vergi kommunal ödəniş deyildir. Vergi əvəzsizdir, fərdidir və məcburidir. Respublikamızda tətbiq edilən digər vergi növləri arasında ən az yer tutan yerli vergilərdir.
Yerli vergilər, ayrı-ayrı təyinatlarla ödənilən su, qaz və işıq, hətta bir çox halda məişət tullantısı kimi kommunal ödənişlərinin hər birindən dəfələrlə azdır.
Qanunvericiliyə əsasən yerli vergilərlə yerli sosial, yerli iqtisadi və yerli ekoloji məsələlər həll edilməlidir.
Lakin qeyd edilənlərlə yanaşı, həmçinin əhalinin bütün kommunal xidmətləri kimi məsələlərinin də yerli vergilərlə həll edilməli olduğuna dair görüş cəmiyyətimizdə hakim olmuşdur.
Üstəlik “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 41.3-cü maddəsinə görə, bələdiyyələr onların məşğuliyyət dairəsinə aid edilmiş sahələrdə əhalinin əsas yaşayış tələbatının ödənilməsini dövlət sosial standartlarından aşağı səviyyədə təmin edə bilməzlər.
Həmçinin “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 54.3-cü maddəsində bildirilir, Bələdiyyə ərazisində bələdiyyə mülkiyyətinin olmaması bələdiyyə yaratmaqdan imtina edilməsinə əsas vermir.
Qeyd edilənlərdən anlaşılır ki, bələdiyyələrin dövlət sosial standartlarında fəaliyyətinin təmin edilməsinə, elə dövlət özü zəmanət verir.
Vergi ödəyiciləri bilməlidir ki, ödənilməyən vergi və ya ödəniş sadəcə Xaçmaz şəhər bələdiyyəsinin gördüyü abadlıq, təmir-tikinti işlərinə təsir etmir. Bununla yanaşı həmin vergi ödəyicilərinin vergi borclarına qarşı etinasız münasibəti yoxsul, kimsəsiz ya da yetim uşaqlara, imkansız xaçmazlılara verə bilmədiyimiz sosial yardımlara da təsirsiz ötüşmür. Buna görə də ehtiyac içində olan və bu ehtiyacını bələdiyyədən təmin edə bilməyən hər bir Xaçmaz şəhər sakininin, həmin vergi ödəyiciləri üzərində alacaq haqqı meydana gəlmişdir.
Bununla belə 2013-cü ildə Xaçmaz şəhər bələdiyyəsi onlarla kimsəsiz, xəstə və imkansız Xaçmaz şəhər sakinlərinə yardımlar etmiş, gənclərlə iş və ictimai-siyasi tədbirlər keçirmiş, milli və rəsmi bayramlarda müvafiq tədbirlərlə iştirak etmişdir.
Bələdiyyə qulluqçularının əmək haqqı ödənişləri vaxtlı-vaxtında ödənilmişdir. Bu günə kimi Xaçmaz şəhər bələdiyyəsinin qulluqçularına dövlət tərəfindən əmək haqqı yardımı, ya da dəstəyi olmamışdır. Bələdiyyələr ayrı bir dövlət olmadıqları kimi vahid bir hakimiyyət sisteminin parçalarıdır.
Bələdiyyə qulluqçuları yerli ərazilərdə dövlətin ayrı-ayrı müstəsna səlahiyyətlərini icra edirlər. Burada bir mötərizə açaraq qeyd etməliyəm ki, dövlətin bələdiyyə qulluqçusunun əmək haqqısı barədə qoyduğu sosial standartlar təmin edilməmiş və bunun məsuliyyəti müvafiq icra hakimiyyəti orqanları, hesablanmış vergilərini tam və vaxtında ödəməyən vergi ödəyiciləri və bu vergiləri təmin edə bilməyən yerli vergi orqanı arasında paylaşılmışdır.
Bələdiyyə qulluqçularının aşağı sosial standartlarda əmək haqqı almaları yolverilməzdir. Bu barədə Xaçmaz şəhər bələdiyyəsi üzvlərinin 2014-cü ilin ilk iclasında xüsusi qərarlar paketi qəbul edilmişdir. Çünkü, qanunvericilikdə qeyd edilir ki, Bu standartların yerinə yetirilməsində dövlət Azərbaycan Respublikası vergilərinin və ayırmalarının müəyyən hissəsini yerli büdcələrin mədaxilinə təsbit etmək yolu ilə bələdiyyələrə kömək göstərə bilər.
Bütün bu görülən işlər kifayət deyildir. Operativlik və idarələr arasında orqanik və funksional bağlar yetərsizdir. Belə ki, Konstitusiyanın 144-cü maddəsinin I və 150-ci maddəsinin II paraqrafının tələbləri tez-tez pozulur. Konstitusiyanın 144-cü maddəsi bələdiyyələrin səlahiyyətlərini, 150-ci maddəsinin II paraqrafı isə bu səlahiyyətlərin bələdiyyə ərazisində yerləşən bütün fiziki və hüquqi şəxslər üçün məcburi olduğunu ifadə edir. Hesab edirəm ki, bu sahədə qanunvericiliyin daha mükəmməl tətbiqi üçün məhkəmə institutlarına müraciət edilməsi faydalı olacaqdır.

2014-CÜ İL PLANLARIMIZ:
Xaçmaz şəhər bələdiyyəsi 2014-cü ildə də əhalinin və qanunvericiliyin tələbləri istiqamətində planlarını qurmaqdadır.
Birinci gündəm maddəmiz, şəhərimizin abadlıq quruculuk işlərinin sürətləndirilməsi və bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi işində hər zamankindən daha aktiv rol almaqdır.
Bununla yanaşı əsasən təmirsiz və infrastukturu mövcud olmayan küçələr başda olmaqla yolların daş-çınqıl və asvalt örtüyünün təmiri və tikintisi işləri bizim əsas gündəmimizi təşkil edəcəkdir.
Xaçmaz şəhər əhalisinin sosial-iqtisadi həyatında daha aktiv olmaq Xaçmaz şəhər bələdiyyəsinin digər bir gündəmidir. Bununla əlaqədar xüsusi çalışmanın təşkili çox vacibdir. Xaçmaz bələdiyyəsi xaçmazlılarla könül bağlarını daha möhkəm qurmalı, onların etimadını doğrultmalıdır.
Səbrlə və diqqətlə dinlədiyiniz üçün öz təşəkkürümü bildirirəm. Sağolun!