Online radio

Vergi orqanının rəisi Rövşən Qasımov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərdə olmuşdur. (1ci bölüm)

02-12 fevral 2014-cü il tarixlərində keçirilmiş
“Urban planning and Development in the USA”
mövzulu IVLP [1] raporu.

GİRİŞ 2

WASHINGTON DC
(Columbiya ştatı)
1. GİRİŞ
(Washington DC, 02-05.02.2014). 4
02 fevral 2014-cü il
a. Washington şəhərinə çatdıq. 4
03 fevral 2014-cü il
b. 1-ci ünvan: (Meridian International Center). 5
c. 2-ci ünvan: (American Planning Association). 6
e. 3-cü ünvan: (The Emergence Community Arts Collective-ECAC). 8
04 fevral 2014-cü il
f. 4-cü ünvan: (University of Maryland). 9
g. 5-ci ünvan: (Meridian International Centerdə 2-ci dəfə). 11

IOWA
(IOWA ştatı)
2. GİRİŞ
(IOWA ŞƏHƏRİ, 05-08.02.2014) 12
05 fevral 2014
a. Iowa şəhərinə “uzun” bir uçuş. 12
06 fevral 2014
b. 6-cı ünvan:( Iowa Su Daşqınları Mərkəzi). 12
c. 7-ci ünvan (Iowa şəhər bələdiyyəsi). 14
d. 8-ci ünvan:(Cedar Rapids şəhər bələdiyyəsi məclisi). 16
07 fevral 2014
e. 9-cu ünvan: (1124 UCC Old Capitol Mall). 18
f. 10-cu ünvan: (The University of Iowa School of Urban Planning). 18
g. 11-ci ünvan: (Cedar Rapids şəhəri Midamar Halal Foods). 21

NEW YORK (
the State of New York )
3. GİRİŞ
(New York şəhəri, 08-12.02.2014) 24
08 fevral 2014
a. New York şəhəri. 24
09 fevral 2014
b. Bazar günümüz. 25
10 fevral 2014
c. 12-ci ünvan: (Municipial Art Society). 25
d. 13-cü ünvan: (Project for Public Space-PPS). 28
11 fevral 2014
e. 14-cü ünvan: (New York City Department of Design and Construction (DDC)) 29
f. 15-ci ünvan: (Columbia University, Graduate School of Architecture, Planning Preservation). 30
g. 16-cı ünvan: (son görüş: The Cooper Union/The Irwin S.Chanin School of Architecture). 31
12 fevral 2014
h. Azərbaycana dönüş. 32

GİRİŞ

Amerika səfirliyinin 12.09.2013 tarixində, mənə, Amerikaya 10 günlük səyahət proqramına dair təklifinin üstündən bir aydan artıq vaxt keçirdi. Bu təklifin cazibədar tərəfi 2009-cu ildə “Yeni Azərbaycan Proyekti” adı ilə və 2011-ci ildə “Yeni Xaçmaz Proyekti” adı ilə qələmə aldığım şəhərsalmaya dair layihələrimin rol almasıdır.
Xaçmaz şəhərinin yerli vergi orqanının rəhbəri olaraq, xaçmazlıların ödədiyi vergilərinə nə qədər həssaslıq göstərdimsə, amerikalı vergi ödəyiciləri tərəfindən qarşılanacaq olan bu səyahət xərcləri də mənim diqqətimdə idi. Çünkü dövlət və ya bələdiyyə xərcləri gündəmə gəldiyində vergi ödəyicilərini yada salmaq kimi bir ənənə ən azı bizim mətbuatda hiss edilmir. Bu səyahət ABŞ dövləti tərəfindən qarşılanırdı. Xərclər otel, qida, sığorta, nəqliyyat və tərcümə kimi maddi olaraq görünən tərəfi ilə yanaşı, maddi qarşılıq almadan çox sayda dərnək və ya başqa ictimai təşkilatlar vasitəsilə könüllü olaraq fəaliyyət göstərən şəxslərin iştirakı ilə əsasında daha böyük dəyər ifadə edirdi. Belə ki, bu könüllülər, ABŞ dövlətinin xarici dövlət vətəndaşları üçün xərclədiyi bir növ təhsil və ya mədəni tanışma amaclı bu büdcə xərclərinə eyni zamanda siyasi leqallıq çərçivəsini meydana gətirirdilər. ABŞ dövləti hər il öz büdcəsindən müxtəlif dövlətlərin 100 min qədər vətəndaşını əhatə edən belə bir proqram üçün 33 milyard $ ABŞ dolları ayırır. Digər tərəfdən bu vəsaitlər yenə amerikalı şirkətlərin gəlirinə çevrilir.
Bu səyahətin əsas məqsədi isə xalq diplomatiyasının inkişafı çərçivəsində, Amerikanın və Azərbaycanın müxtəlif dövlət və ictimai təşkilatları arasında, “Amerikada şəhərsalma və inkişaf” adlı proqramı həyata keçirmək idi.
Amerika səyahətindən bir həftə əvvəl Azərbaycanda havalar kəskin soyumuş, yollar isə buzla və qarla örtülmüşdü.
02.02.2014 tarixində 6 nəfərlik qrupla səhər saat 08:00-da THY-nin TK 0337 səfər saylı təyyarəsi Bakı Heydər Əliyev adına aeroportdan İstanbula doğru uçmağa başladı. Təyyarədə uçmaqdan çox ləzzət alan biri deyiləm. Ona görə “dərhal” İstanbula çatdıq. J İstanbul Atatürk aeroportunda avtobusda terminala çatarkən bir hadisə oldu. Bərabər getdiyimiz Ramiq Mustafa müəllimin telefonu (I-Phone) təyyarənin içində itmişdi. Xeyli müddət THY ofisi ilə telefonu tapmaları üçün “mübarizə” etdik. Amma tapılmadı. Nəticədə şikayət məktubunun yazılmasına qərar verildi.
Mən isə, gözümdə böyüyən 11 saat 25 dəqiqə sürəcək qitələrarası səyahətin təzyiqi altında idim. Nə isə ki, Washingtona uçmazdan əvvəl, İstanbulda 4 saata yaxın aeroport şəraitində “dincəl”dik.
02.02.2014 tarixində Türkiyə vaxtı ilə gündüz saat 13:30-da (AZE, 02.02.2014, 11:30) İstanbul Atatürk aeroportundan Washingtona tərəf THY-nin TK 0007 səfər saylı təyyarəsi ilə havalandıq. Bir anda Washington Dulles aeroportuna endik. J Tarix yenə 02.02.2014, Amerika vaxtilə saat axşam 18:25 (AZE, 03.02.2014, 04:25) idi. Toplam isə 14 saatdan artıq uçmuşduq. Bizdən az əvvəl gəlmiş çinlilərin sayca çoxluğu səbəbilə Washington Dulles aeroportda sərhəd xidmətinə çatana qədər bir saatdan çox vaxt keçdi. Sərhəd xidmətində, əvvəl xəbərdarlıq edildiyi kimi heç bir çətin prosedur olmadı. Gülər üzlü polislər sadəcə J-1 sənədini və passportumuzu tələb etdilər. Heç bir sorğu sual aparılmadı. Cənab səfirin dəvət məktubuna isə baxmadılar. Nəhayət yerli saatla 19:30-da tərcüməçilərimiz Roman Borukhov və Iraida Jesionowski ilə çıxışda qarşılaşdıq. Məlumat üçün bildirim ki, aeroportun çıxışında bir çox şəxs, qarşılayacağı qonaqların adının qeyd edilmiş lövhəsini əlində tutarkən, xanım Iraida Bakı aeroportunun yeni binasının bir jurnaldakı şəklini tutmuşdu.


WASHINGTON DC
(Columbiya ştatı)

1. GİRİŞ (Washington DC, 02-05.02.2014).

02 fevral 2014-cü il

a. Washington şəhərinə çatdıq.
Washington təxmin etdiyim kimi, biraz sadə, biraz da bir birlərinə mesajlar verən binaların yerləşdiyi səliqəli şəhərdi. Bəzən Roma imperatorluğunu xatırladan memarlıq görüntüləri də sezilirdi. Sonrakı günlərdə Washingtonda gəzinti zamanı tərcüməçimiz Roman Borukhov bu barədə məlumatlar verərkən, ona belə demişdim; “Roma imperiyasını xatırladan bu memarlıq nümunələrinin özünəməxsus xüsusiyyəti, ABŞ-ın xarici siyasətində də hissedilmişdir.”
Nəhayət Hampton Inn Downtown Convention Center adlı otelimizə çatdıq. Mütəvazi ancaq tarixi olan bir oteldi. Heç bir yerdə qeyd edilməmişdi və mən də soruşmadım amma otelin 3 ulduzu ola bilərdi.
Washingtonda soyuq və yağışlı hava var idi. Küçələri paralel səliqəli və kifayət qədər zəngin küçə işarələri, nişanları ilə doludur. Hətta kitab oxuyan kimi bu küçə işarələrini oxusanız günü başa vura bilərsiniz. Otelimizin yanında 24 saat açıq “Safeway” adlı supermarket yerləşir. Lakin ilk işimiz Azərbaycanla əlaqə qurmaq idi ki, bunda müvəffəqiyyət əldə etdiyimizi demək çətindir. Amerikada telefon və sim kart ittifaqinin ilk “qurbanları” yəqin ki, biz deyildik. Belə ki, burada sistem sizə ayrıca simkart almağa icazə vermir. Telefon almalısınız. Üstəlik alacağınız telefondakı simkart Azərbaycana servis verməlidir ki, əlaqə qurasınız. Təkcə əlacınız internet olur. Ya internetdən istifadə edərək kompyuterlə, yaxud “ağıllı” telefonunuz varsa, onun xidmətlərilə əlaqə qurabilərsiniz. Üçüncü variat isə, bahalı otel xidmətlərindən istifadə etməklə əlaqə qurmaqdır.
02.02.2014 tarixli gecəni oteldə keçirdikdən və səhər oteldə pulsuz qəlyanaltımızı yedikdən sonra 07:30-da lobbidə toplandıq və ilk görüşümüzə doğru yola çıxdıq.

03 fevral 2014-cü il

b. 1-ci ünvan: (Meridian International Center)
Meridian International Centerdə saat 08:00-da rəsmi olduğu açıqca bəlli olan tipik amerikan memarlığında tikilmiş binaya daxil olduq. Bizi bir neçə nəfər rəsmi şəxslər qarşıladı. Dəyirmi masa arxasında 6 nəfərlik qrup və tərcüməçilər yerlərini aldılar. Daha sonra xanım Adela Levis, cənab John Corney əyləşdilər. Az sonra cənab Danial Orange daxil oldu. İki nəfər də daxil olduqdan sonra tanışlıq ərəfəsinə keçdik. Masa üzərində hər kəsin önünə adı və soyadı qeyd edilmiş etiket qoyuldu.
Tanışlığa öncə cənab Danial başladı. Özü haqda və vəzifələri barədə bir neçə cümlədən sonra sözü xanım Levisə verdi. Tanışlıq seremoniyasının şəkli sıra bizim qruba çatanda dəyişdi. Səbəb hesab edirəm ki, biraz yorğunluqdu. Tanışlıq yerinə birbaşa memarlıq və şəhərsalma sahəsindəki qarşılıqlı problemlərə keçildi.
Mən isə sağ gözümdəki qızarıqlığın əziyyətini çəkirdim. Bu barədə fikirləşərkən seremoniya gəlib mənə çatdı. Məm iş yerim və vəzifəm barədə məlumat verdikdən sonra Amerikaya gəlişimin hekayəsinə toxundum. Əsasən 2009-cu və 2011-ci illərdə hazırladığım şəhərsalma layihələrimlə əlaqədar Çin Xalq Respublikasına getməyə hazırlaşarkən Amerika səfirliyinin nəzakətlə təklif etdiyi IVLP səyahətini qəbul etdiyimi, Çin səyahətimi bu səbəblə ertələdiyimi və buna görə məmnun olduğumu bildirdim. Bizim üçün ayrılmış 10 günlük müddətin şəhərsalma sahəsində bütün mövzuları əhatə etməsinin mümkün olmadığını lakin yeni münasibətlər formalaşdırmaq, yeni dostluqlar və əlaqələr qurmaq, gələcək adına təməl atmaq üçün böyük fürsətlər verdiyini bildirdim.
Daha sonra bu fürsətdən istifadə edərək, mümkün olarsa, bu qısa müddət içində xüsusi bir istəyimin olduğunu qeyd etdim. Bir araşdırmamın mövzusu olan 1947-ci ildə çap edilmiş New York Times və New York Times Sundays qəzetlərinin nüsxələrinə ehtiyacım vardı. İfadələrim qeyd edildi və xüsusilə xanım Levis bu barədə mənə köməklik göstərəcəyini bildirdi.

c. 2-ci ünvan : ( American Planning Association)
Saat 09:30-da növbəti görüş yeri olan American Planning Associationa doğru yola çıxdıq. Burada bizi Outreach and International Programs’ın direktoru cənab Jeff Soule qarşıladı.
Cənab Jeff Soule American Planning Associationın 85 ölkədə fəaliyyət göstərdiyini, 30 min üzvlərinin olduğunu bildirdi. Amerikada iç-içə keçmiş sistemlərin birliktə fəaliyyət göstərdiyi və hər bir sistemin digər sistemə birbaşa müdaxilə etmədiyini, bunlar arasında ara sismetlərin olduğunu qeyd etdi. Bu ara sistemlər Konqres, Senato və sosial aktivitələrdir.
Cənab Jeff Soule sözlərinə davam edərək şəhərsalmanın əsas üç aspektlə bağlı olduğunu bildirdi;
1)- Fiziki aspekt.
2)- Sosial aspekt.
3)- Finansal aspekt.
Cənab Soule bu aspektlərin alt sinifləri barədə də xeyli məlumat verdikdən sonra bildirdi ki, şəhərsalma və planlama sahələrində bələdiyyə, ştat və federal hökümətin ayrı-ayrılıqda vəzifələri vardır. Belə ki, hər biri ayrı əhəmiyyətdə və səviyyədə bu layihələrdə iştirak edirlər. Amerikada şose yollarının tikintisinin 90% Federal hökümət tərəfindən planlandığı və finans edildiyini qeyd etdi.
IVLP iştirakçılarından xanım Yeganə Hacıyeva Azərbaycanda da dövlət tərəfindən 5 illik planlar həyata keçirildiyini qeyd etdi.
Daha sonra mən də mövzuya münasibət bildirmək üçün söz aldım. Əvvəlcə cənab Soule’a verdiyi məlumata görə öz təşəkkürümü bildirdim. Sonra iş yerim barədə məlumat verdikdən və vəzifəmi bildirdikdən sonra qeyd etdim ki, şəhərsalma barəsində cənab Soule’un qeyd etdiyi 3 (üç) əsas aspektdən fiziki aspekt izafi olaraq ən asan olanıdır. Fiziki aspektdə layihənin görüntülü və yazılı şəkildə hazırlanması prosesi gedir ki, bu da bir və ya daha çox şəxsin iştirakı ilə hazırlanan profesional sənəddir. Sosial və finansal aspektlər isə xeyli mürəkkəb proseslərdir. Sosial və finansal məsələlərin həlli siyasi avtoritarların qərar mexanizminə birbaşa təsir edir. Şəhərsalma və planlama eyni zamanda millətin yeni bir stimul əldə etməsinə yol açmaqdadır. Bunun isə millətin, xalqın taleyində müsbət və mənfi tərəfləri ola bilər.
Ona görə də bu aspektlərdən əlavə bir də Siyasi aspekt də vacib rol oynayır ki, millət adına qərar vericilərin, siyasilərin, millətvəkillərinin təmsil etdikləri millətin taleyinə qərar vermələri vacib məsələdir.
Xanım Yeganə Hacıyevanın qeyd etdiyindən başqa Azərbaycanda bələdiyyələrin də şəhərsalma və planlama sahəsində söz haqlarının olduğunu bildirdim. Burada bələdiyyənin maliyyə imkanları, stukturu, müvafiq orqanlarının formalaşmış olması və tələbinin ya da ehtiyacının olması vacib rol oynayır. Misal üçün Xaçmaz şəhər bələdiyyəsinin özünün müstəqil şəhərsalma planları vardır. Bu planlar ehtiyacdan meydana gəlmişdir. Sosial aspektin formalaşması üçün Xaçmaz şəhər bələdiyyəsi 13 min vergi ödəyicisinə tək-tək məktubla layihə barədə 2011-ci ildə məktubla müraciət etmiş və əhalinin reaksiyası ölçülmüşdü.
Beləliklə, mən, cənab Soule’un və xanım Hacıyevanın ifadələrinə öz düşüncələrimi də əlavə etmiş oldum. Görüşümüzün sonunda cənab Soule’a suvenir hədiyyəmizin təqdimatı oldu.

d. 3-cü ünvan: (The Emergence Community Arts Collective-ECAC)
Yemək yedikdən sonra saat 14:30-da bizi xanım Sylvia Robinsonun rəhbərlik etdiyi ECAC-a apardılar. Burada bizi xanım Robinson qarşıladı.
Xanım Robinson fəaliyyət göstərdikləri ərazi barədə məlumat verdikdən sonra gördükləri işləri anlatdı. Bir çox mövzuda, xüsusilə məhəllərinin təməl məsələlərinə dair həssas, girişkən insanları biraraya gətirmək üçün əyləncəli, rəngli məşğuliyyətləri həyata keçirdiklərini bildirdi. Heç bir şey göründüyü kimi asan olmur. Xanım Robinson, ancaq bu il yüz məhəllə insanını bu komitəyə qoşduqlarını qeyd etdi. Məhəlləmizin ən böyük problemlərindən biri baxımsız köhnə evlərdir. Bu məhəllənin illik orta gəlir səviyyəsi 57 min dollar olduğundan bura üçün yeni şəhərsalma layihəsi əldə edə bilmirik. Bunun üçün məhəllə sakinlərinin orta illik gəlir səviyyəsi ən az 80 min dollar olmalıdır. Bu isə indiki şəraitdə mümkün görünmür. Komitə olaraq bir çox rəsmi şəxslə bu mövzunu görüşmüşük. Merlə də bu və başqa mövzular görüşülür. Məhəlləyə aid bütün məsələləri komitədə görüşmə imkanımız olur. Bu istiqamətdə sosial şəbəkələri də istifadə edirik. ECAC-in yerləşdiyi binanın içindəki divarlarda gördüyünüz Capoeira döyüş dansları sərgisi, Afrikaya məxsus musiqi alətləri də bu məqsədlə istifadə edilir.
Mən söz alaraq və iş yerimi, vəzifəmi təqdim etdikdən sonra xanım Robinsona bildirdim ki, Azərbaycanda belə komitələrə məhəllə komitəsi adı verilir. Misal üçün Xaçmaz şəhər bələdiyyənin qərarı ilə 60 min əhalisi olan şəhərimizdə 6 ədəd məhəllə komitəsi qurulmuşdur. Azərbaycan təcrübəsində məhəllə komitələrinin təşkili istər əhalinin öz təşəbbüsü, istərsə də bələdiyyə tərəfindən həyata keçirilməsi mümkündür.
Sizin məhəlləniz üçün arzu etdiyiniz şəhərsalmanın və yenidən planlamanın həyata keçməsi hər nə qədər müşkül görünsə də, mən Sizin yerinizdə olsaydım, hazırki sosial aktivitələrinizə əlavə olaraq, “Bir xəyalım var...” deyən, Martin Luther King obrazını istifadə edərdim, dedim. Bu xarakterin, xanım Robinsonun məhəllə komitəsindəki işinə daha çox insanın cəlb edilməsi üçün faydalı olacağını düşündüyümü bildirdim. Daha sonra hədiyəmizi təqdim edərək oradan ayrıldıq.

04 fevral 2014-cü il

e. 4-cü ünvan: (University of Maryland)
Səhər saat 09:00-da maşınla yola çıxdıq və saat 10:00-da Maryland Universitetinə çatdıq. Burada Dr. James Cohen ilə görüşümüz oldu. Dr. Cohen şəhərsalmada və planlamada elmi araşdırma mövzularına toxundu. Bu elmi araşdırmaların ortaya çıxmasında bir neçə təməl faktorun rol oynadığını ancaq başlıca tələbin ictimai ehtiyaclar olduğunu qeyd etdi. Bu elmi araşdırmalar, araşdırmacının şəxsi təşəbbüsü ilə və ya hansısa avtoritar idarənin, ya da başqa hüquqi şəxslərin tələbi ilə müəyyən edilir. Maryland universiteti olaraq tələbələrimizin araşdırmalarına təkan verən Maryland Qraflığımızın bir tələbi olmuşdur. Layihənin adı “Yeni şəhərsalma layihələri sonrası əhalinin təzə meyvə və yaşıl səbziləri əldə etməsindəki çətinliklərə dair” idi. Araşdırma sonunda bir neçə təməl problem ortaya çıxarıldı.
1-Maddi imkanlar,
2-Nəqliyyat imkanları,
3-Yaş faktoru
Hər üç kateqoriyadakı insanların təzə meyvə və yaşıl səbzi əldə etmək imkanları risk altında idi. Təzə meyvə və yaşıl səbzi əldə edə bilməyən və ya çətinliklə əldə edən bu insanlar daha tez xəstələnir, daha çox sosial sağlamlıq xərclərinə səbəb olurdular.
Buna görə də şəhərsalma və planlama layihələri aparılarkən sosial pərakəndəlik də daxil olmaqla insan psoxologiyası, onun gəlir səviyyəsi, sosial statusu, yaşı, cinsi və daha bir çox xüsusiyyəti diqqətə alınmalıdır.
Daha sonra IVLP iştirakçılarının altı nəfərindən dördünün müəllim olmaları səbəbilə və bu dörd müəllimin maraqları çərçivəsində olduğu üçün mövzu bu araşdırmaların şəhər planlamaçıları tərəfindən mi, yoxsa memarlar tərəfindən mi, ya da araşdırmacıların hansı formada maliyyələşməsi və araşdırmada araşdırmacının maddi maraq dairəsinin necə formalaşması istiqamətinə doğru dəyişdi.
Mənə sıra gəldikdə, hər zamankı kimi iş yerimi və vəzifəmi təqdim etdikdən sonra mən, Dr. Cohenə öz minnətdarlığımı bildirdim. Sonra isə qeyd etdim ki, onlarla il bundan əvvəl bir çox yerdə məhəllə kiçik marketləri mövcud idi. Bu isə insanların istər məsafə olaraq, istərsə də yol xərcləri çərçivəsində maliyyə baxımından və yaş kateqoriyası baxımından təzə meyvə və yaşıl səbzi almalarını asanlaşdırırdı. Amma artıq xüsusilə metropollarda super, ya da hiper nəhəng marketlərin meydana çıxması bu kiçik məhəllə marketləri ortadan qaldırdı. Bu da qeyd edilən kateqoriyadakı insanları risk altına saldığını bildirdim.
Şəhərsalma layihələri planlanarkən əhalinin bütün gəlir kateqoriyaları nəzərə alınmalıdır. Bu insanların bir-birlərinə daha yaxın münasibət, dialoq qurabiləcəkləri bir şərait təşkil edilməlidir. Bir qisminin imkanları digər bir qismin imkansızlıqlarını çətinləşdirməməlidir. Daha əvvəl görüşdüyümüz xanım Robinsonun məhəlləsinin çətinlikləri bu şəraitin olmaması səbəbindəndir. Nisbi olaraq daha az gəlirli insanları yerləşdiyi bir məhəllə ilə digər məhəllələr arasında gözlə görülməyən sərhədlər meydana gəlməməlidir. Daha sonra mən, Dr. Cohenə Amerika təcrübəsində bu mənada bir şəhərsalma planlaması olmuşdur mu sualımı verdim. Dr. Cohen bildirdi ki, bənzər bir neçə layihə həyata keçirilmişdi. Belə layihələr lokal effekt verir. Ümumiləşdirmə aparmaq çox çətin olar. Belə ki, bəzi neqativ ərazilərdə yaşayam aşağı gəlir səviyyəli insanlar üçün imkanlı insanların yaşadığı məhəllədə yeni yaşayış məskənləri salınmış və bir müddət sonra həmin insanların həyat tərzlərində müəyyən yaxşılaşmalar müşahidə edilmişdir. Daha sonra Dr. Cohenə Azərbaycandan gətirdiyimiz suvenir hədiyyənin təqdimatı təşkil edildi.

f. 5-ci ünvan: (Meridian International Centerdə 2-ci dəfə)
Professor Alan Lyleslə görüşümüz biraz gecikməli başladı. Prof. Lyles çox enerjili bir şəxs kimi təəssürat verdi. Dərhal özünü təqdim etdikdən sonra ona sual verməyimizi istədi. Mən də iş yerim və vəzifəm barədə qısa məlumat verdikdən sonra bildirdim ki, Amerikada müxtəlif səhiyyə sistemləri və siyasətləri olan federal, ştat, qraflıq və bələdiyyə idarələri arasındakı koordinasiya necə təmin edilir?
Prof. Lyles cavab verdi ki, məclislər və komissiyalar bu məsələnin təməl həll yoludur. Buna görə də hər hansı səlahiyyət münaqişəsi müzakirə zəmini tapdığı üçün idari münasibətlərdə sərtləşmə ya da xaotik inkişaf olmur. Demokratiyanın, təməl prinsip olaraq öz mövqeyini institutları ilə dəstəkləməsi məsələsi öz aktuallığını və gündəmini daima qoruyur.
Bu məqamda səlahiyyətlərin böyük ölçüdə mərkəziləşməsi, ortaya çıxan yeni səlahiyyətlərin isə birbaşa mərkəzə aid edilməsi adəti bir problem olaraq var olmuşdur. Bu səbəblə və tarixin axışı içində gələcək üçün bu dəyişikliyin federal hökumətin böyüməsi və avtoritarlaşması, eyni zamanda da ştatların, bələdiyyə və ya məhəllə komitələrinin zəyifləməsi mümkünmüdür?
Prof. Lyles cavab verdi ki, bunun mümkün olması üçün Amerikan xalqının öz azadlıq xülyasını tərk etməsi, bu xəyaldan vaz keçməsi, öz fərdiyyətçiliyindən, individuallığından uzaqlaşması lazımdır ki, bu iddia absurd səslənir. Ancaq müxtəlif dövrlərdə ayrılmaq istəyən ştatlar da olmuşdur. Amerikan federalizmi bu yolu bağlamışdır.
Toplantının sonunda Prof. Lyles çox yüksək keyfiyyətlə basılmış Amerika Birləşmiş Ştatlarının Konstitusiyasını hədiyyə vermək istədiyini, ancaq hədiyyəsinin bir ədəd olmasından dolayı hədiyyə sahibinin yarışma ilə müəyyən edilməsini istədi. Tərcüməçilərimiz bu müsabiqəni elə keçirdilər ki, müsabiqə necə başladı, necə bitti hissetmədik. Konstitusiya kitabı mənim oldu. J Sonra otelimizə döndük və səhər Iowa şəhərinə uçmaq üçün hazırlıq gördük.
IOWA (IOWA ştatı)

2. GİRİŞ (IOWA ŞƏHƏRİ, 05-08.02.2014)

05 fevral 2014

a. Iowa şəhərinə “uzun” bir uçuş.
Iowa şəhərinə tərcüməçimiz Roman Borukhovun ifadəsilə “bir gün uçaraq” gəldik.
J Bir gün olmasa da, Iowa şəhərinin Washingtona görə qərbdə olmasından dolayı 1 (bir) saat fərq də nəzərə alınaraq təxminən 9 saat yollarda olduq. Iowa şəhərinə tranzit uçuşla getdiyimizdən dünyanın ən böyük aeroportlarından, böyüklüyünə görə dünyada 2-ci və ya üçüncü sırada olan Chikago aeroportunu da gördük. Əlbəttə gözəl və müasir şəhərsalma layihəsi olan Chikago şəhərini də görmək istəyərək...
Iowa şəhəri kiçik ancaq klassik Amerikan şəhərləri kimi, paralel və perpendikulyar düz və səliqəli küçələr burada xüsusi olaraq diqqət çəkirdi. Iowa şəhərində materik iqlimi hakimdir. Bunu aeroportdan bayıra çıxarkən donaraq hiss etdik. J -25 dərəcə soyuq bizi qarşıladı. Iowa şəhəri yayda da tam tərsinə aşırı isti olan yerdir.
Aeroportdan iki şəxsi maşınla Sheraton otelinə doğru yola çıxdıq. Bu arada fikrimdəki bir divarı da aşmış oldum. Elə bir fikrim var idi ki, Sheraton otellərində ancaq 5 ulduz olur. Sheraton oteli 3 ulduzlu idi. J Axşam otelə yerləşdik. Qazaxıstanlı bir xanım qız bizim otel qeydiyyatımızı apardı. Rusca yaxşı danışan Qazax qızı günün sürprizi olmuşdu.


06 fevral 2014

b. 6-cı ünvan: ( Iowa Su Daşqınları Mərkəzi)
Iowa şəhəridə səhər qəlyanaltısından sonra ilk görüşümüz üçün səhər saat 08:40-da lobbidə könüllülərdən cənab Brandon Jennings və cənab Dan Snow qarşıladıqdan sonra, bizi Su Daşqınları Mərkəzinə maşınla apardılar. Burada Iowa çayı üzərində tikilmiş Su Elektrik Stansiyası yerləşirdi. Saat 09:00-da Mərkəzin direktor köməkçisi cənab Nate Young bizimlə görüş keçirərək Iowa şəhərində 2008-ci ildə baş vermiş su daşqınlarına dair öz mülahizələrini anlatdı və bizim müxtəlif suallarımıza cavab verdi.
Bu çərçivədə cənab Young, Mərkəzə bağlı olaraq Su Elektrik Stansiyasının labarotoriyasında hidrotexniki təchizatların dizayn və texniki araşdırmalarını apardıqlarını bildirdi.
Cənab Young qeyd etdi ki, 2008-ci ildə Iowa çayının daşması nəticəsində bu çay sahilində yerləşən Iowa və Cedar Rapids şəhərləri böyük fəlakətlə üzləşmişdi. Fəlakətin maddi zərəri 2 milyard $ ABŞ dolları qədərdi.
Buna görə də biz bu Mərkəzdə su daşqınları və bunlara qarşı müdafiə tədbirləri üzrə araşdırmalar da aparırıq. Bununla əlaqədar dünyanın bir çox ölkəsindən mütəxəssislərlə birgə fəaliyyətlərimiz də mövcuddur. Belə araşdırmalar zamanı biz müxtəlif hesablamalar və statistik məlumatlar da aparırıq. Məsələn, 1950-ci illərdən bu yana Iowa şəhərində əhali iki dəfə artmışdır. Bunda həmin illərdə qurulmuş universitetin təsiri də əhəmiyyətli rol almışdır. Digər tərəfdən daşqınları sahəsinin genişliyi, dərinliyi və dövrləri üzərində xeyli məlumatlar toplamışıq. Yağış yağan ərazilər üzərində gündəlik statistik məlumatları toplayırıq. Belə fəlakətlərdə önləyici tədbirlər çərçivəsində və daşqınların istiqamətləndirilməsində danbaların rolu çox böyükdür. Belə danbalar təbii ola biləcəyi kimi, insan əli ilə də tikilə bilər.
Daha sonra mənim cənab Younga iki sualım oldu. Sual verdim ki, onlara görə 2008-ci ildəki Iowa çayı daşqının səbəbini araşdırdıqlarına görə, bu səbəbi nədə görürlər? Qlobal problemdə mi? Yoxsa Iowa və Cedar Rapids şəhərlərinin şəhərsalma planlarında və ya insan sayının qeyd edildiyi kimi xeyli artmasında, ya da sənaye obyektlərinin təsirində mi görürlər? Digər tərəfdən isə Xaçmaz şəhərindəki danbalarla müqayisə məqsədilə Iowa şəhərində neçə danba olduğu sualını verdim.
Cənab Young bu sualıma geniş cavab vermədən, birbaşa qlobal problemi əsas məsələ olaraq qeyd etdi. Ancaq digər amillərin təsirini də tətikləyici kimi istisna etmədiyini bildirdi.
İkinci sualıma cavab isə, Iowa ştatında 4 böyük danba olduğu və bunlardan 3-nün Cedar Rapids şəhərində, 1-nin isə Iowa şəhərində yerləşdiyi şəklində idi.
Su Daşqınları Mərkəzində görüşümüz başa çatdıqdan sonra hədiyyələşmə mərasimi təkrarlandı və biz buradan ayrıldıq. Bizi qaldığımız Sheraton otelinə yenə könüllülər apardı. Proqramımızda saat 13:15-ə qədər fasilə və Iowa şəhərini gəzmək vardı.

c. 7-ci ünvan (Iowa şəhər bələdiyyəsi)
Yeni könüllü xanım Pam Michaud bizi saat 13:15-də lobbidə gözləyirdi. O bizə Iowa şəhər bələdiyyəsinə getmək üçün mehmandarlıq etdi. Bu mehmandarlıq Iowa şəhərinin ayazında ayaqla yürüyüş şəklində oldu. J 10-15 dəqiqəlik yürüyüşdən sonra Iowa şəhər bələdiyyəsinin inzibati binasına çatdıq. Burada bizi cənab Steve Long qarşıladı. Bütün toplantılarımızda olduğu kimi dəyirmi stolun ətrafında əyləşdik.
Cənab Long tanışlıq seremoniyasından sonra Iowa şəhəri və bələdiyyəsi barədə məlumat verdi.
Cənab Long Iowa şəhəri əhalisinin 67 min nəfərdən bir qədər çox olduğunu, əsasən tələbə şəhəri olduğunu lakin eyni zamanda sənaye kompleksinə də sahib olduğunu qeyd etdi.
Şəhərsalma planları bu şəhərdə 1950-ci illərdən fərqli olaraq indi daha sürətlə, daha geniş və kompleks inkişaf etdiyini bildirən Məhəllə İnkişafı Koordinatoru cənab Long bildirdi ki, Iowa şəhərində və ümumilikdə Amerikada infrastruktur olmayan yerə, ya da yetərsiz olan yerə şəhərsalma layihəsi izni verilmir.
Əgər hər hansı bir ərazidə salınacaq yeni yaşayış massivi üçün yetərli infrastruktur varsa ki, biz bunları başda yetərli su mənbəyi ya da su xətti, kanalizasiya qovşağı, yol və elektrik kommunikasiya xətləri və qaz xətti kimi sayırıq, həmin ərazidə təklif verən müxtəlif tikinti firmalarının və ya bəzən fərdi şəxslərin tikinti aparmasına izin veririk.
Qeyd etmək lazımdır ki, infrastruktur sistemləri və parklar və bələdiyyəyə aid digər binalardan və daşınmazlardan başqa bələdiyyənin mülkiyyətində torpaq yoxdur. Ona görə də belə yaşayış massivləri salınarkən bəzən torpaq sahibinin müqaviməti də olur. Amma adətən torpaq sahibləri belə layihələrdə maraqlı olurlar. Ayırılan ərazidə yaşayış massivinin layihəsi tamamilə tikinti şirkəti tərəfindən hazırlanır. Lakin bizim mütəxəssislər tərəfindən də layihəyə nəzarət edilir. Belə ki, yeni yaşayış massivi üzrə layihə, həmin ərazi üzrə müəyyən edilən infrastruktur həcmini aşarsa, o zaman bu layihə dayandırılır. Iowa şəhəri 36 mikrorayona bölünmüşdür. 2008-ci ildə sel fəlakəti baş verdikdən sonra bir çox kiçik müəssisə şəhərimizdə iflas etməyə başladı. Biz bələdiyyə olaraq həmin müəssisələrin əyləncə sektoruna dönüşməsi üçün dəstəklədik. Belə çətin dövrlərdə əyləncə sektorunun ayaqda qalması biraz daha real idi.
Mənim cənab Longa sualım yerli vergi növləri və dərəcələri ilə əlaqədar idi. Cənab Long sualıma cavab olaraq bildirdi ki, büdcə gəlirlərini təşkil edən elementlər belədir ki, bələdiyyəmizin fondları mövcuddur. Bu fondlar bələdiyyəmiz tərəfindən qurulmuşdur. Digər tərəfdən bələdiyyəmiz büdcəsinə əmlak vergisindən daxilolmalar vardır. Kommunal ödənişlər bələdiyyəmiz tərəfindən alınır. Parklardan və icarəyə verdiyimiz ticari yerlərdən də büdcə gəlirlərimiz mövcuddur. Az miqdarda reklam gəlirlərimiz də olur.
Əmlak vergisinin hesablanması barədə və torpaq vergisini saymamasının səbəbini də soruşdum.
Cənab Long belə cavab verdi ki, onlarda torpaq vergisi alınmır.
Əmlak vergisinin isə hesablanması belədir ki, daşınmaz əmlakın bazar qiyməti müstəqil qiymətləndiricilər tərəfindən hesablanır. Kommersiya təyinatlı binaların dəyərinin 90%-i, yaşayış təyinatlı binaların dəyərinin 50%-i alınır. Hər 1000 (bir min) $ dolların isə 16.81 faizi vergi hesablanır. Bu rəqəmlər bələdiyyə qərarına görə müəyyən edilir.
2008-ci ildəki sel fəlakətindən sonra şəhərimizin məhəllə komitələri Iowa şəhər bələdiyyəsinin daşqınla mübarizədə fəaliyyətinin daha da sürətlənməsi məqsədilə vergilərin 1% artırılması barədə təklif verdilər. Bu barədə Iowa şəhər bələdiyyəsi məclisi 4 il müddətində vergilərin 1% artırılması barədə qərar qəbul etdi. Buna görə büdcəyə əlavə 30 milyon $ dollar mədaxil oldu.
Görüşümüz hədiyyələşmə mərasimi ilə sonlandı. Bizi müşaiət edən xanım Michaud, onun evinə qonaq gəlməyimizi çox arzu etdiyini, lakin tərcüməçimiz ona vaxt məhdudiyyətini xatırlatdığında çox üzüldüyünü ağlayaraq ifadə etdi. Bu əsnada xanım Michaudun nə qədər əmlak vergisi ödədiyini öyrənmək istədim. Cavab 6 (altı) min $ oldu. Azərbaycanda ortalama bir evin əmlak vergisi ilə müqayisədə astronomik bir rəqəm olan bu vergi barəsində bir şikayətinin olub-olmadığını da öyrənmək istədim. Lakin bu verginin normal olduğunu və heç bir şikayətinin olmadığını bildirən xanım Michauddan ayrıldıq.
Məni isə Azərbaycanla, Amerika arasında əhalinin vergiyə münasibətləri, dövlətçilik anlayışı maraqlandırırdı. İki tərəf arasında gəlir və həyat standartları fərqlərini də nəzərə alaraq, bunun sadəcə maddi bir fərqlilik olmadığı çox açıqdır.
Eyni zamanda ildə 1 manat 20 qəpik torpaq vergisi ödəyərək bələdiyyəsindən bunun qarşılığında küçəsinə asvalt tökülməsini, küçəsinin hər gün təmizlənməsini, kanalizasiyasına baxılmasını tələb edən vergi ödəyicilərimizin şikayətləri sovet dövrünün cəmiyyətimizdə meydana gətirdiyi dövlətçilikdə anlayış fərqi olduğunu düşündürdü. Bu düşüncələrlə yürüyərək getdiyimiz otelə nə zaman çatdığımızı hiss etmədim. Saat 14:45 olmuşdu.

d. 8-ci ünvan: (Cedar Rapids şəhər bələdiyyəsi məclisi)
Otelimizdə dincəlməyə fürsət tapmadan 15:15-də otel lobbisində cəmləşdik. Könüllülərdən cənab Steve Merkel Hess və xanım Della Caldwell bizi Cedar Rapids şəhərinə Iowa universitetinə aid olduğu logo nişanlarından görünən maşınlarla apardılar. 45 dəqiqə sonra Cedar Rapids şəhərində idik.
Bələdiyyə binasına girdikdən sonra bizi bir qrup bələdiyyə üzvü qarşıladı. Yuxarı mərtəbələrdə yerləşən bələdiyyə məclis zalına girdikdə bizə məclis rəhbərliyinin yerləşdiyi səhnə qoltuqlarına əyləşməyimiz təklif edildi.
Hərkəs öz yerini aldıqdan sonra Cedar Rapids şəhər bələdiyyə məclisinin üzvləri danışmağa başladı. Mövzu şəhərsalma idi. Lakin yenə 2008-ci ildəki sel fəalkəti və bundan sonra Cedar Rapidsdə aparılan yeni şəhərsalma layinələri ilə əlaqədar oldu.
Məclis üzvlərindən biri qeyd etdi ki, sel daşqınından sonra aparılan yeniliklərdən biri də ən çox zərər görən ərazidə park yenidən elə dizayn edildi ki, sel daşqını zamanı insan itkisi nisbətən önlənmiş olsun. Belə ki, teras park dizaynı həm gözəllik həm də təhlükəsizlik baxımından özünəməxsus idi. Sel basmış məhəllədəki binaların yüksəldilməsinə dair tədbirlər görüldü.
Lakin sel basmış ərazilərdən əhalinin köçürülməsi və yenidən başqa yerdə məskunlaşma aparmaq xeyli külfətli və çətin idi. Buna görə də sadəcə təmir edilmək surətilə yaşayış mənzilləri yenidən istifadəyə açıldı və stratejik kommersiya obyektlərinin yeri və sayı dəyişdirilərək həmin məhəllədəki başqa yerə köçürüldü.
Mənim sualım belə oldu ki, sel fəlakəti bir ərazidə bir dəfə baş tutubsa, həmin ərazinin coğrafi relyefi risk sahəsindədir və təkrar eyni fəlakətə açıqdır. Buradakı əhalinin riskli əraziyə təkrar yerləşməsi gələcək üçün risk idarəetməsi baxımından necə qiymətləndirirsiniz? Iowa şəhərində ikən Federal hökumətin böyük maliyyə yardımı göstərdiyi qeyd edildi. Belə layihələr üçün subsidiya programları nəzərdə tutulmurmu? Misal üçün Azərbaycanda 2012-ci ildə şimal bölgəsində zəlzələ baş vermişdi. Dövlət başçısı Fövqəladə Hallar nazirliyinə tapşırıq verdi ki, yıxılmış və ya zərər görmüş evlər yenidən tikilsin. Amerikada bu işlər necə olur?
Yerli millətvəkilləri və şəhər planlamacıları riski həyatın bir parçası olaraq ifadə etdikdən sonra önləyici tədbirlər gördüklərini bildirdilər. İnsan həyatının çox vacib olduğu bunun üçün mümkün maliyyə resursları ölçüsündə hərəkət edildiyi qeyd olundu. Maliyyə və sosial çətinliklərindən biri də dağılmış evlərin bir çoxunun bank kreditini başa çatdırmamış olması idi. Lakin həm evini həm də işini itirmiş insanların yenidən ev tikmək imkanları yox idi. Üstəlik alınmış kreditlərin ödənişi bu fəlakətə baxılmadan ödənilməli idi.
Federal hökumətin maliyyə dəstəyi təyinat üzrə gəldiyindən biz bunu başqa istiqamətlərə yönəldə bilmirik. Həmin vəsait federal əhəmiyyətli layihələrin fəlakətdən zərər görmüş sahələrinə yönləndirilmişdir. Bunun bizə müsbət təsiri dolaylıdır. Birbaşa deyildir.
Tərcüməçilərimizin buradakı rəsmilərin bu proqram üçün nəzərdə tutulmuş vaxtından 45 dəqiqə artıq xərclədiyimiz barədə xəbərdarlıq gəlincə dərhal seremoniyalara keçdik. J
Dərahl yola çıxdıq və Iowa şəhərinə, yəni Sheraton otelinə döndük.

07 fevral 2014

e. 9- cu ünvan: (1124 UCC Old Capitol Mall)
Proqramımıza uyğun olaraq 07.02.2014 tarixində səhər saat 09:45-də lobbidə toplandıq. Beynəlxalq Ziyarətçilər Məclisinin köhnə baş icraçı direktoru xanım Robyn Braverman gedəcəyimiz Old Capitol Mall içərisində yerləşən 1124 UCC nömrəli Beynəlxalq Proqramlar adlı ünvana qədər bizə rəhbərlik etdi.
Burada xanım Tanya Kooi bizi qarşıladı və bizə Iowa Universitetinin tələbə işləri üzrə idarənin fəaliyyəti barədə məlumat verdi. Hansı sahələrdə tədris verdiklərini anlatdı. Mən xanım Kooiyə sual verdim ki, tələbələrin təhsil haqları və şəraitləri barədə məlumat versin? Xanım Kooi bildirdi ki, Iowa Universitetində tələbələr hər semestir üçün 500 $ dollar ödəyirlər. Avtobus və internet tələbələr üçün pulsuzdur. Magistr oxuyanları üçün iş tapmaqda onlar və hal-hazırda işləyən köhnə məzunlarımız köməklik göstərirlər. Magistr oxuyanlar qalmaq üçün adətən aylığı 500-600 $ dollar olan evlər kiralayırlar. Həmçinin magistr oxuyanlar üçün də yarım günlük işləri tapmaqda köməklik göstərdiklərini xanım Kooi, bizə bildirdi. Daha sonra buradan ayrıldıq.
Xanım Janet Bell isə xəstələndiyi üçün bu görüşə gələ bilməmişdi.

f. 10- cu ünvan: (The University of Iowa School of Urban Planning)
Xanım Braverman bizi bir neçə bina kənarda yerləşən Iowa Universitetinin Şəhər Planlama və Məhəlli İnkişaf bölümünün yerləşdiyi Jessup adına binaya gətirdi. Yolda tərcüməçimiz həmçinin tarixçi olan xanım Jesionowski, Iowa şəhərinin klassik Amerikan inzibati idarə binasını göstərərək, bu şəhərin vaxtilə əyalət paytaxtı olaraq planlandığı və bu səbəblə bu binaların paytaxt Washingtonda gördüyümüz inzibati idarə binalarının mermarlığında tikildiyini bildirdi.
Burada cənab Nick Benson və cənab Prof. Charles E. Connerly bizi qarşıladı. Onlar bizə Iowa Universiteti və magistr tələbələri barədə məlumat verdilər. Sonra suallara başladıq. Mənim ilk sualım ondan ibarət idi ki, amerikalıların xəyalları (american dreams) çox təbliğ edilirkən, çoxmənzilli yaşayış evləri mövzusunda çox tənqidi yanaşdınız. Halbuki insanların mənzil hüququ, barınmaq hüququ vardır. Bu ictimai tələb qarşılanmadığı zaman cəmiyyət arasında məhəlli parçalanmalar, bölünmələr meydana gətirilir. Bu uçurumların qatılaşması sizcə sağlam cəmiyyət üçün olmalıdır mı? Bunun olması cəmiyyətin sosial-iqtisadi inkişafına neqativ təsir göstərməzmi? Misal üçün xanım Robinsonun qarşılaşdığı çətinliklər Washingtonda bir gettolaşma meydana gətirmişdi.
Cənab Connerly cavab verdi ki, Amerikada imkansızlar üçün dövlət tərəfindən tikilmiş çoxmənzilli binalar mövcuddur. Lakin Amerikada belə mənzillər cəmiyyət tərəfindən xoş qarşılanmır. Bu bir Amerika faktıdır. Belə mənzillərdə sosial səviyyəsi aşağı insanlar yaşadığı üçün çox sayda təhlükəsizlik problemləri, uyuşdurucu istifadəsinin yayqınlaşdığı, təcavüz və cinayət hadisələrinin çoxaldığı (şəkillər göstərərək!) ortaya çıxmışdır.
Mən belə bir düşüncəyə dərhal reaksiya verərək, bunun səhv bir mülahizə olduğunu, bizim coğrafiyada milyonlarla insanın çoxmənzilli binalarda yaşadığını, qeyd etdiyiniz qədər böyük problemlərin çıxmadığını bildirdim. Burada gördüyümüz şey, həmin mənzillərdə fərdi hadisələrlə məhdud bir propaqanda faktından ibarətdir.
Bu gün belə 60 milyondan çox insan “Xruşovka” adlanan çoxmənzilli bina evlərində həyatlarını davam edirlər və bu qədər insanın yaşadığı bu binalarda qeyd edildiyi şəkildə kütləvi sosial problemlər müəyyən edilməmişdir.
Lakin keyfiyyətli sosial-iqtisadi və təhlükəsizlik şəraiti təmin edilmədikdə istənilən yaşayış massivində bu kimi problemlər ortaya çıxa bilər. Bunu insanların sosial statusuna bağlamaq doğru yanaşma deyildir.
Fərdi yaşayış evi Azərbaycanda da yayqındır. Postsovet məkanında da xeyli istifadə edilir. Lakin əsasında belə yaşayış massivi çox bahalı bir həyat tərzidir və yüksək gəlir səviyyəsi ilə ancaq həqiqi keyfiyyətdə həyata keçirmək olar. Belə ki, çox geniş sahəyə yayılan belə yaşayış massivlərində kommunal xidmətlər və işıq, qaz, su və yol kimi digər şəraitlərin təmini kifayət qədər bahalıya başa gəlir və bu xidmətlərin daima, axsatmadan sürdürülməsi üçün maliyyətlər də təmin edilməlidir.
Eyni zamanda cəmiyyətdəki homojenliği qorumaq, müxtəlif gəlir səviyyəsindəki insanlar arasında gettolaşmanın neqativ nəticələrini aradan qaldırmaq üçün birlikdə yaşamaq mədəniyyəti şəhərsalma layihələrində çox vacib bir aspektir. Bu mənada mənim layihələrimdə əsasən bu xüsusiyyət üzərində durulmuşdur. Bu layihədə çoxmənzilli binanın ilk mərtəbələri böyük ölçüdə sosial mədəni fəaliyyət tərkibli obyektlərdən ibarətdir. Lakin kiçik və xidmət sektoruna ait kommersiya fəaliyyətləri də istisna edilmir. Bunun üzərindəki mərtəbələrdə isə əz aşağı gəlir səviyyəsi olan vətəndaşların evləri yerləşəcəkdir. Daha yuxarı çıxdıqca gəlir səviyyəsi daha yüksək olanlar yerləşəcəkdir. Beləcə də ən prestijli mənzillər son mərtəbələrdə olacaqdır. Bununla müxtəlif gəlir səviyyəsinə sahib insanlar eyni məkanın faydalarından istifadə edərək bir birlərini daha yaxşı başa düşəcəkləri bir şəraiti əldə etmiş olacaqlar. Qeyd edilməlidir ki, aşağı gəlir səviyyəsi olan insanlara və ya yuxarı gəlir səviyyəsi olan insanlara müxtəlif qəlibləşmiş sferadan baxma adəti bu mənada ortadan qaldırılma fürsəti də əldə etmiş olacaqdır.
Növbədə magistr tələbələrinin layihələri var idi. Təbii ki, başarılı xanım qız tələbələrdən ibarət bir qrup tələbənin layihəsi kiçik bir şəhər olan Muscatine barədə idi. Tez tez daşqınla qarşılaşan və zərər görən Muscatine şəhərinin yerləşdiyi Mississippi çay sahilindəki Riverside parkının yenidən dizayn edilməsinə dair layihə xanım tələbələrin təqdimatı ilə başladı. Dörd əsas düşüncənin tətbiq edildiyi layihədə Texno, Yaşıllıq, Basketbol və Yürüyüş başlıqları diqqət çəkdi. Magistr tələbələri öz mülahizələrini paylaşdıqdan sonra bizim fikirlərimizlə maraqlı olduqlarını bəyan etdilər. Əsasən də bu layihələrinin daha çox dəstək almaları istiqamətində başqa təkliflər eşitmək istədiklərini bildirdilər. Hər kəs kimi mən də onları təbrik edərək amerikalıların tarixlərinə çox bağlı olduqları, bununla hər zaman qürur duyduqları barədə eşitdiyimi, ona görə də təklifimin bu mənada olacağını bildirdim. Yəni parkdakı yürüyüş cığırı boyunca kiçik tablet lövhələr üzərinə insanların oxuya biləcəkləri, ya da rəsmlə görülə biləcək şəkildə yeni bir dizayn düşünmələrini istədim. Parkda Amerika tarixinin başlanmasından bu günə bir film lenti kimi təsvirin verilməsi nəzərdə tutula bilər. Bu şəkildə həm Muscatinelilər yürüyüş zamanı vaxtlarını maraqlı və əyləncəli keçirə bilmək imkanları, həm də insanların buraya gəlişi üçün əlavə səbəblərin meydana çıxması mümkün olacaqdır. Nəticədə parklar sadəcə yaşıllıq və oturmaq yeri deyildir. Həmçinin parklar mədəni xidmətlər üçün də faydalı yerlərdir.
Görüşümüz başa çatmışdı. Seremoniyalar da icra edildikdən sonra biz otelimizə geri döndük.

g. 11-ci ünvan: (Cedar Rapids şəhəri Midamar Halal Foods)
Könüllü xidmət göstərən cənab Brandon Jennings və dostu bizi saat 16:00-da Sheraton otelinin lobbisində bizi Cedar Rapids şəhərinə aparmağa hazır gözləyirdilər.
30 dəqiqəlik yolçuluqdan sonra saat 16:30-da Cedar Rapids şəhərinə çatdıq. Burada biz Midamar beynəlxalq şirkəti və onun Prezidenti cənab Bill Aossey ilə tanış olduq. Cənab Aossey elə ilk tanışlıqdan etibarən son dərəcə təvazökar və hörmətli bir şəxs təəssüratı bağışladı. Sonradan verilən məlumata əsasən orta Amerikanın öz sahəsində ən böyük kommersiya obyekti olan Midamar şirkəti Prezidentinin bizi elə şirkət binasının girişində qarşılaması xoş təsir göstərmişdi.
Cənab Aossey ilk ayaqüstü tanışlıqdan sonra söhbət əsnasında arxasındakı divardan asılan Bakı içərişəhər təsvirli lövhə diqqətimizi çəkmişdi ki, dönüb şəkillə əlaqəli xatirəsini həyəcanla bizə danışmağa başladı. J Bakıda bir müddət qaldığını, burada içərişəhərdə gəzintidə ikən bir şəkil çəkdirdiyini və bu şəkillə əlaqədar bir xatirəsinin olduğundan bəhs edirdi.
Bizi yenə oval stolun yerləşdiyi toplantı otağına dəvət etdilər. Burada cənab Aossey ilə bir dəfə daha yaxından tanışmış olduq. Belə ki, onun və ailəsi haqqında kifayət qədər qalın bir kitab hamımıza təqdim olundu. Kitabda cənab Aosseyin böyük babasının Amerikaya gəlişindən və ilk ticarət fəaliyyətindən, Amerikan Prezidenti Corc Buşun cənab Aosseyə təbrik plaketi təqdim edərkən çəkilən rəsimlərə qədər xeyli məlumat dərc edilmişdi. Cənab Aossey kitabdakı məlumatları şifahi olaraq da ifadə edərkən, əlində, üzərində çincəsi də olan ingiliscə “Sweet memories” yazılı başqa jurnal tuturdu. Hər birimizə bu qalın kitabdan bir nüsxə təqdim etdiyi halda bu bir neçə səhifəli jurnaldan bir ədəd idi. Bir ara həmin jurnalın üzünü bizə tərəf doğrultub, bir-bir səhifələrini göstərərək içindəki şəkillər barədə məlumat verməyə başladı. Hər il cənab Aosseyin belə proqramlardan gələn çox sayda ziyarətçiləri olur. Bundan illər əvvəl Çindən bir qrup bizim kimi ziyarətçilər cənab Aosseyin yanına gələrək Cedar Rapidsdə kənd təsərrüfatı sahəsində münasibətlər meydana gətirmək barədə Proqrama qatılmışdılar. Cənab Aossey onları şəhər rəhbərinin yanına aparakən şəhərin rəhbəri belə deyibmiş, “bu kommunistlər bizdən nə istəyirlər?” Bu jurnalda gördüyünüz həmin günlərdə çəkilmiş xatirələrdir. Bu 5 nəfərdən biri hal-hazırda Çinin Prezidenti olan Şi Cinpingdir. Bu xüsus üzərində aparılmış araşdırılma da bizə təqdim edilmişdi. Bu araşdırmada müxtəlif dövlət başçılarının bu proqramlarda iştirak etdiyi üzərinə statistik məlumatlara diqqət çəkilmişdi. Siyahıda Afrikadan, Avropadan, Asiyadan və Amerikadan olan onlarla dövlət başçılarının qeydləri vardı. Sonunda sual verilmişdir ki, bu qədər təsadüf mümkündür mü? Bir ara belə bir ifadə də işlətdi ki, görəsən aranızdan növbəti Prezident görəsən kim olacaq? J
Şi Cinping dövlət başçısı olduqdan sonra ilk xarici ziyarətini onlara etmişdi. Sonra cənab Aossey bizə baxaraq bizimlə münasibətləri qorumaq və inkişaf etdirmək istədiyini, bu məqsədlə bir təklif vermək istədiyini bildirdi. Bu təklif güləş müsabiqəsi tərtib etməkdən ibarət idi. Kim belə bir müsabiqənin təşkilində iştirak etmək istəyər sualına mən əl qaldırdım. Cənab Aossey də əlindəki jurnalı mənə uzataraq bu işi edə biləcəyimi bir dəfə də soruşdu. Mən də əlimdən gələni edəcəyimə söz verdim.
Daha sonra inzibati binanın hər bir otağını bizə gəzdirdikcə şirkəti barədə də məlumatlar verməyə davam etdi. Belə ki, cənab Aosseyin Prezidenti olduğu Midamar şirkətinin, gündəlik 25 min quşun halal kəsimi, hazırlanması və müxtəlif qida rasyonlarında paketlənməsi və çatdırılması sahəsində orta Amerikada liderlik etdiyini ifadə etdi. Midamar adı orta Amerika sözündən törəmişdir. Qanadlı ət kəsimi və servis xidmətləri göstərənlər arasında əhəmiyyətli bir yeri olan Midamar şirkəti dünyanın yüzdən artıq ölkəsinə halal quş əti ixracı edir. Bu vacib göstəricidir. Sonra cənab Aosseyin bizə divarda asılı dünya xəritəsi üzərindən, ixrac xətlərini göstərərkən, bir mərkəzdən çıxaraq ətrafa yayılan onlarla qara çizgilərin içində diqqətimi çəkən şeyin, hələ də SSRİ xəritəsinin olduğu kimi qalması idi. Biz soyuducu anbarlara qədər bütün ətrafı gəzdik. Son olaraq Midamar inzibati binasının çıxışına əlavə etdiyi şəxsi müzeyini gəzdik. Muzeydə xeyli gədimi əşya ilə yanaşı Ginnes rekodrlarına girmiş diqqət çəkən bir həqiqi ayaqqabı var idi. Bu ayaqqabının ən azı 30 sm uzunluğu var idi. Üstəlik boyu 3 metri keçən bir şəxs tərəfindən istifadə edilmişdi. Bu nəhəngin şəkli də həmin ayaqqabının yanındakı divardan asılmışdı. Muzeyi gəzərkən xüsusi bir otağa girdik. Bu otaqda cənab Aosseyə ixracat etdiyi ölkələrdən gələn hədiyyələr sərgilənirdi. Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri və s. deyərkən uzdəniraq qonşularımızı bir balaca xalça üzərinə eybəcər hərflərinin həkkedildiyi hədiyyəsini də görmüş olduq.
Buradan isə yenidən maşınlara minərək İslam Mərkəzinə cənab Aosseyin mehmandarlığı altında yola çıxdıq. Cənab Aossey böyük bir həyəcanla İslam Mərkəzi barədə bizə məlumat verərək buradakı məscidi, Quran və İslam tədris siniflərini bir bir gəzdirdi. Dərs keçirilən siniflərin birinin qarşısındakı dəhlizdə divara yerləşdirilmiş lövhədə dərs alan kiçik uşaqların günəş eynəkli şəkilləri asılmışdı. Bu şəkillərin üstündəki yazını cənab Aosseyin bizə izah etmək istəyi oldu. Belə ki, 9/11 hadisəsi sonrası Amerika müsəlmanları xeyli təzyiqlərlə üzləşmiş və bu İslam Mərkəzinin qurulması fikri, biraz da bu ehtiyacdan hasil olmuşdu. Quranı və İslamiyyəti öyrənən kiçik yaşlı tələbələrin şəkillərinin yerləşdiyi lövhədə belə yazılmışdı: “Bizim gələcəyimiz o qədər parlaqdır ki, ona baxa bilmək üçün günəş eynəyi geyinirik.” Bu mənalı bir ifadə idi. Cənab Aossey gülümsəyərək eyni məsələni bizə də soruşdu. Bəs sizin gələcək üçün ümidləriniz bu qədər parlaq ola bilərmi?
Cənab Aossey bu gəzintinin ardından bizi axşam yeməyinə dəvət etdi və birlikdə bir restoranda əyləşdik. Buraya bizdən başqa gələn digər müşdərilər, hər kəs onunla salamşır və ünsiyyət qurmağa çalışırdı...
Bu təəssüratlarla biz Cedar Rapidsdən, Midamar şirkətindən, İslam Mərkəzindən və cənab Bill Aosseydən ayrıldıq və otelimizə döndükdən sonra 08.02.2014 tarixində saat 11:00-da New Yorka uçmaq üçün hazırlaşdıq.

NEW YORK ( the State of New York)

3. GİRİŞ (New York şəhəri, 08-12.02.2014)

08 fevral 2014

a. New York şəhəri.
Cedar Rapids aeroportundan havalanan “American Airlines” şirkətinə aid təyyarəmiz New Yorka yenə “bir günlük” uçuş yolçuluğundan sonra çatdı. Təyyarə New York səmasından yerə enməmiş, artıq onun gecə şəkillərini təyyarə pəncərəsindən çəkməyə başlamışdıq. Aeroportdan şəhərə maşıla hardasa 1 (bir) saatlıq yolumuz davam etdi. Tərcüməçimiz cənab Borukhov bizə New Yorkla bağlı məlumatlar verirdi. Bu şəhərin ilk ismi New Amsterdam olubdur. Holladiyalılar buranı 1664-cü ildə Birləşmiş Krallığa dövr etdikdən sonra adı New York olaraq dəyişibdir. Necə ki, New Yorkun məhşur rayonlarından olan Haarlemin adı iki “a” hərfi ilə yenə Hollandiyalılardan qalma idi və ingilislər “a”lardan birini atıblar olub Harlem.
New York ABŞ-ın ən böyük və ən sıx insan yaşayan şəhərdir. Göydələnlər şəhərini dünyanın hər yerində çox yaxşı tanıyırlar. Yüzlərlə kinoya, minlərlə xəbərə səhnə olan bu şəhər barədə beynəlxalq mətbuatda kifayət qədər məlumat var. Ancaq canlı gözlə hər şey biraz daha fərqli olur. Bu barədə fikirləşərkən və cənab Borukhovun söhbətinə qulaq asarkən gəlib yenidən Hampton Inn otelinə çatdıq. Washingtondakı şəraitin eynisidir, yalnız New Yorka məxsus yer çatışmamazlığı özünü göstərirdi.

09 fevral 2014

b. Bazar günümüz.
Gəldiyimizdən bu yana ilk tam gün istirahət və gəzinti günümüz bu gün oldu. Bu gün New Yorku gəzmək, turistik və mədəni istirahət etmək üçün ayrılmışdı. Səhər saat 09:00-da bizə yeni tərcüməçi və bələdçimiz cənab Vladimir K. ilə New York şəhərini gəzdik. Digər tərəfdən də günümüzün bir hissəsi cənab K.nın, yaşına görə coşqulu bir tərzlə ifadə edilən və bizə New Yorkun binalarını, küçələrini, 9/11-ni, Mərkəzi Parkını anlatan hekayələrilə keçdi. 77 yaşlı cənab K. sürətlə yürüyürdü. Mərkəzi Parkda şəkil çəkdirərkən oturacaqların üzərinə yapışdırılmış vəsiqəlik böyüklüyündəki ad və soyadlar barədə cənab K. bildirdi ki, bunlar üçün insanlar 25 min $ dollar ödəyərək adlarını bu parkda qeyd etmiş olurlar. Bu prestij məqsədli bir ödəmə olduğu kimi Park idarəsi üçün də bir gəlir mənbəyi təşkil edir. Daha sonra Dünya Ticarət Mərkəzinə getdik. Burada 11 sentyabr 2001-ci il tarixli terror aktı barədəgeniş məlumat aldıqdan və yıxılan əkiz binaların yerinə tikilməkdə davam edən muzeyin görüntülərini də aldıqdan sonra otelimizə qayıtdıq.

10 fevral 2014

c. 12-ci ünvan: (Municipial Art Society)
Səhər saat 08:15-də Hampton Inn otelinin lobbisindən minibusa minərək yola çıxdıq. Saat 10:00-da New Yorkun 120 illik qeyri mənfəət qurumundan biri olan Bələdiyyə Sənət Cəmiyyəti(BSC)ndə görüşümüz başladı. Burada xanım Mary Rowe və kollektivi bizi qarşıladı. Əsasında bu qurumun New York şəhər bələdiyyəsinə aidiyyəti yoxdur. Bir qrup təşəbbüskar tərəfindən müstəqil qurulmuş bir təşkilatdır. Lakin uzun müddət fəaliyyət göstərdikdən sonra ictimai leqallıq formalaşmış və New Yorkun bütün inzibati təşkilatlarınca qəbul edilmişdir.
Dəyirmi stol axrasına keçdikdən sonra dərhal tanışlıq və mülahizələrə keçildi. Vaxtımız anlatılacaqlar qarşısında az qalırdı. Çox vaxt sual vermək üçün zamanımız olmurdu. New Yorkun tarixi siluetinə çox əhəmiyyət verdiklərini ifadə edən bu cəmiyyətin xanım rəhbəri Rowe, bir sənət cəmiyyəti olaraq şəhərimizin köhnəlmiş strukturunun yıxılmadan, yox olmadan günümüzün müasir sənəti ilə yenidən ələ almaq imkanlarını qiymətləndirdiklərini bildirdi. Bunun üçün cəmiyyətimizə üzv olan 25 mindən çox insanların təşəbbüsləri çox dəyərli bir resurs sayılmışdır. Son günlərin məsələsi olduğu üçün highline, yəni üst keçidlər mövzusu üzərində daha çox duruldu. Ancaq keçmişdən bu yana bu cəmiyyətin öncülük etdiyi bir çox layihə də təqdim edildi. New Yorkun çox köhnəlmiş uzun bir üst dəmiryol keçidi barədə New York şəhər bələdiyyəsi sökmək qərarı almaq istəmiş, lakin bir qrup insan, daha doğrusu iki təşəbbüskar şəxs buna etiraz edərək qərarın ləğv edilməsini və bir kompaniya düzəldilərək həmin üst keçidin yaşıllaşdırılmaq surətilə artıq uzun müddətdir ki, New Yorkun bir parçası halına gəlmiş bu obyektin qorunması tələbini gündəmə gətirmişdilər. Bələdiyyə Sənət Cəmiyyəti