Online radio

«Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası

«Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
«Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikası Nazirlər Kabineti bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının «Bələdiyyələrin əraziləri və torpaqları haqqında»
Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi
aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
«Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası Qanunundan
irəli gələn digər məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.
2. Müəyyən edilsin ki:
«Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci
maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın
səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «müvafiq icra
hakimiyyəti orqanı»nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikası
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. 1
3. «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası Qanununun
2-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq bələdiyyələrin mülkiyyətinə verilən torpaqlara aid
müvafiq sənədlərin hazırlanması və torpaqların bələdiyyələrə təhvil verilməsi iki ay
müddətində başa çatdırılsın.
4. Qanuni istifadədə olan yaşayış evlərinin (binaların) həyətyanı torpaq sahələri əvəzsiz
olaraq həmin evlərin (binaların) mülkiyyətçilərinə verilsin.
5. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyətyanı sahələrin
istifadəsinin qanuniliyini təsdiq edən sənədlərin müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə
araşdırılmasını təmin etsin. 2
6. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə tapşırılsın ki,
bu Fərmanın 4-cü bəndində göstərilmiş şəxslər üçün onların həyətyanı torpaq sahələri üzərində
mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin rəsmiləşdirilməsini təmin etsin. 3
7. Vətəndaşlar və hüquqi şəxslər tərəfindən qanunsuz istifadə edilən və ya zəbt edilən
torpaq sahələrini dövlət və ya bələdiyyə mülkiyyətinə qaytarılması üçün Azərbaycan
Respublikasının Nazirlər Kabineti hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanları ilə
birlikdə zəruri tədbirləri həyata keçirsin.
Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 24 dekabr 1999-cu il
№ 237
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001-ci il, № 12, maddə 755)
2. 23 noyabr 2007-ci il tarixli 662 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1110)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1
21 dekabr 2001-ci il tarixli 609 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, № 12, maddə 755) ilə 2-ci bəndin 3-cü abzasında "Dövlət Torpaq" sözlərindən sonra "və
Xəritəçəkmə" sözləri əlavə edilmişdir.
2
21 dekabr 2001-ci il tarixli 609 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, № 12, maddə 755) ilə 5-ci bənddə "Dövlət Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə" sözləri
əlavə edilmişdir.
3
21 dekabr 2001-ci il tarixli 609 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, № 12, maddə 755) ilə 6-cı bənddə "Dövlət Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə" sözləri
əlavə edilmişdir.
23 noyabr 2007-ci il tarixli 662 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1110) ilə 6-cı bəndində
«Dövlət Torpaq Komitəsinə» sözləri «Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət
Reyestri Xidmətinə» sözləri ilə əvəz edilmişdir.