Online radio
Fəsil XIII. Əmlak vergisi Fəsil XIV. Torpaq vergisi

Fəsil XIII. Əmlak
vergisi
Maddə 196. Vergi ödəyiciləri
Bu Məcəllənin 197-ci maddəsində göstərilən
vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. (3)
Maddə 197. Vergitutma obyektləri
197.1. Aşağıdakılar vergitutma obyekti sayılır:
197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin
xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən
tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin
yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə
məxsus avtomobil və özüyeriyən təkərli texnika (bundan sonra — avtonəqliyyat
vasitələri), su və hava nəqliyyatı vasitələri;
197.1.2.
müəssisələrin balansında olan avtonəqliyyat vasitələri;
197.1.3. müəssisələrin
balansında olan əsas vəsaitlərin orta illik dəyəri;
197.1.4. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün — yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri.
197.2.
Vergitutma obyekti olan və müəssisələr tərəfindən hüquqi şəxs yaratmadan birgə
fəaliyyət aparmaq üçün birləşdirilən əsas vəsaitlərin dəyəri, bu əsas vəsaitləri
birləşdirən birgə fəaliyyət iştirakçıları tərəfindən vergiyə cəlb edilməsi məqsədləri
üçün bəyannaməyə daxil olunur. Birgə fəaliyyət nəticəsində yaradılmış (alınmış)
əsas vəsaitlərin dəyəri isə birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə
üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil
edilir. (3, 4, 9)
Maddə 198. Vergi dərəcələri
198.1. Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:
198.1.1.
onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:
· bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə.
198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:
198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat;
198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.
198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.
198.2. Müəssisələr
əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən
dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.
198.3.
Fiziki şəxslər və müəssisələr avtonəqliyyat vasitələrinə görə illik əmlak
vergisini həmin vasitələrin mühərrikinin həcminə görə (1 kub santimetr hesabı
ilə) aşağıdakı dərəcələrlə ödəyirlər:
|
|
|
|
|
|
198.4.
Bu Məcəllənin 198.1-ci və 198.2-ci maddələrində göstərilən vergi dərəcələri əmlakın
orta illik qalıq dəyərinə tətbiq olunur. (4, 7,
9, 12, 14)
Maddə 199. Vergi güzəştləri və azadolmalar
199.1. Dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.
199.2. Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.
199.3. Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat qədər azaldılır.
199.4. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:
199.4.1. ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;
199.4.2. məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;
199.4.3. bu Məcəllənin 211.1.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilən avtonəqliyyat vasitələrinin;
199.4.4. təhsil,
səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə
istifadə etdiyi obyektlərinin;
199.4.5.
bu Məcəllənin 114.3.2-ci maddəsinə uyğun olaraq amortizasiya olunan əsas vəsaitlərin.
199.5. Şəhərlərdə
sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak
vergisindən azaddır.
199.6.
Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin avtonəqliyyat vasitələrinə
görə ödəməli olduğu əmlak vergisinin məbləği şərti maliyyə vahidinin 10 misli qədər azaldılır.
199.7. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən
yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər
və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər
qanunvericiliyə uyğun olaraq, sənaye, yaxud texnologiyalar parklarında
qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, 7 il müddətinə sənaye, yaxud
texnologiyalar parklarında əmlaklarına görə əmlak vergisini ödəməkdən
azaddırlar.
199.8. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən
yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya
operatoru sənaye, yaxud texnologiyalar parklarının ərazisində yerləşən əmlaklarına
görə əmlak vergisini ödəməkdən azaddır. (7, 9,
14, 20, 22, 31, 34)
Maddə 200. Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası
200.1.
Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada binaların hər il yanvarın 1-i vəziyyətinə
müəyyənləşdirilən inventar dəyərinə əsasən hesablanılır.
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.
200.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.
200.3. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.
Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.
200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.
200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.
200.6.
Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Vergi
vaxtında ödənilmədikdə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada faiz hesablanır.
200.7.
Avtonəqliyyat vasitələri üzrə əmlak vergisi avtonəqliyyat vasitələrinin
qeydiyyatdan, yenidən qeydiyyatdan və ya illik texniki baxışdan keçirilməsi
üçün müəyyən edilmiş vaxtda ödənilir. Verginin ödənilməsini təsdiq edən sənəd
olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya
texniki baxışı keçirilmir. (3,
4, 9, 12)
Maddə 201. Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi
201.1.
Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin
202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.
201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.
201.2. Müəssisənin əmlak vergisi üçün vergi dövri təqvim ili sayılır.
201.3.
Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının
15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.
Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi
olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak
vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər
rübün ikinci ayının 15-dən gec olmayaraq, həmin əmlaka görə hesablanmalı olan
illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata
keçirirlər.
Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.
201.4. Dövlət
büdcəsinə hesabat dövri üçün ödənilməli olan verginin məbləği hesabat dövri ərzində
əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.
Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi
ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir
ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin
59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur.
Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili
başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari
vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda, artıq
hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.
201.5. Müəssisə əmlak vergisinin illik bəyannaməsini
hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına
verir.
Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.
201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.
201.7. Müəssisələrin
əmlak vergisi dövlət büdcəsinə ödənilir.
201.8.
Müəssisələrin avtonəqliyyat vasitələri üçün əmlak vergisi avtonəqliyyat vasitələrinin
qeydiyyatdan, yenidən qeydiyyatdan və ya illik texniki baxışdan keçirilməsi
üçün müəyyən edilmiş vaxtda dövlət büdcəsinə ödənilir. Vergi vaxtında ödənilmədikdə,
bu Məcəllə ilə müəyyən edilmiş qaydada faiz hesablanır.
Verginin ödənilməsini
təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən
qeydiyyatı və ya texniki baxışı keçirilmir. (4, 9, 12, 14, 22)
Maddə 202. Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası
202.0.
Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri
götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla)
orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:
202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. Müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır.
202.0.2. Müəssisə
hesabat ili ərzində yaradıldıqda və ya əmlak
vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna
olmaqla) yaradıldığı və ya əmlak vergisi
ödəyicisi olduğu tarixə və ilin sonuna balans üzrə qalıq dəyəri
toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər
olan ayların sayına vurulur.
202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə
və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat
vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş
verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən
müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər
olan ayların sayına vurulur. (4, 12, 19, 22, 31)
Fəsil XIV. Torpaq
vergisi
Maddə 203. Torpaq vergisi
203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.
203.2.
Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr
torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən
sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə,
digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar.
Maddə 204. Verginin ödəyiciləri
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində
və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq
vergisinin ödəyiciləridir. (3)
Maddə 205. Vergitutma obyekti
Fiziki şəxslərin
və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində
olan torpaq sahələri vergitutma obyekti sayılır.
Maddə 206. Vergi dərəcələri
206.1. Torpaq vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqları üzrə 1 şərti bal üçün 0,06 manat müəyyən edilir.
206.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən kadastr qiymət
rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı
torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti
balları müəyyənləşdirilir.
206.3. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət
xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələri və vətəndaşların
bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin hər 100 kvadrat metrinə
görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:
Yaşayış məntəqələri |
Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və
digər xüsusi təyinatlı torpaqlar (manatla) |
Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların
bağ sahələrinin tutduğu torpaqlar (manatla) |
Bakı |
10 |
0,6 |
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu |
8 |
0,5 |
Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri |
4 |
0,3 |
Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) |
2 |
0,1 |
(7, 12, 14)
Maddə 207. Vergi güzəştləri
207.1. Aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir:
207.1.1. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;
207.1.2. dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar;
207.1.3. istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar;
207.1.4. dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.
207.2. Bu Məcəllənin
102.2-ci maddəsində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə
torpaq vergisinin məbləği 10 manat
azaldılır.
207.3. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən
yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər
və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər
qanunvericiliyə uyğun olaraq, sənaye, yaxud texnologiyalar parklarında
qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye, yaxud texnologiyalar
parklarında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini
ödəməkdən azaddırlar.
207.4. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən
yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya
operatoru sənaye, yaxud texnologiyalar parklarının ərazisində istifadə etdiyi
torpaqlara görə torpaq vergisini ödəməkdən azaddır. (3, 7, 14, 22, 31, 33)
Maddə 208. Torpaq vergisinin hesablanması və ödənilməsi qaydaları
208.1. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafiəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur.
208.2. Torpaq
vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə
əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları
vergi orqanına verirlər. Bu qaydada hesablanmış torpaq vergisinin məbləği bu
Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid
edilir.
208.3. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.
208.4. Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.
208.5. Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.
208.6. Müəssisələrin
torpaq vergisi dövlət büdcəsinə, fiziki şəxslərin torpaq vergisi isə yerli büdcəyə
(bələdiyyə büdcəsinə) ödənilir.
208.7. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri
üçün istifadə etdikləri torpaqlara, habelə hüquqi şəxslərə məxsus olan
torpaqlara görə hesablanmış torpaq vergisinin məbləği bu Məcəllənin 119-cu maddəsi
ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir. (19)